Pakistan 15 polis əməkdaşının ölümü ilə nəticələnən hücumda Əfqanıstanda yerləşən silahlı qruplaşmaları günahlandırıb.
Moderator.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"İnsidentin hərtərəfli araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda məskunlaşmış terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - deyə açıqlamada bildirilib.
İslamabad Kabil rəhbərliyini Əfqanıstan ərazisindən Pakistana qarşı hücumlar planlaşdırmaq üçün istifadə edən silahlılara sığınacaq verməkdə ittiham edir.
"Taliban" isə bu iddiaları qətiyyətlə rədd edərək, Pakistandakı silahlı fəaliyyətlərin ölkənin daxili problemi olduğunu bəyan edib.
Bəyanatda həmçinin vurğulanıb ki, yüksəkvəzifəli əfqan diplomat Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş vermiş qanlı hadisə ilə bağlı sərt xəbərdarlıq edilib.
"Əfqanıstandakı "Taliban" rejiminə qəti şəkildə bildirilib ki, əgər o, bu terror təşkilatlarına sığınacaq verməyə davam edərsə, Pakistan öz milli təhlükəsizliyi və vətəndaşlarının müdafiəsi məsələsində heç bir kompromisə getməyəcək", - deyə sənəddə qeyd olunub.