Xəbər verdiyimiz kimi, Türkiyə qitələrarası ballistik raketlərə sahib olan azsaylı ölkələr siyahısına daxil olmağa hazırlaşır.
Moderator.az "RBC-Ukraina"ya istinadən xəbər verir ki, rəsmi Ankara 6000 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik ən yeni raketini sınaqdan keçirməyi planlaşdırır.
İstanbulda keçirilən "SAHA Defense Expo" sərgisində nümayiş etdirilən və Osmanlı sultanının şərəfinə adlandırılan "Yıldırımhan" raketi Türkiyəni ABŞ və Rusiya ilə eyni cərgəyə yüksəldəcək.
Maye yanacaqla işləyən bu raket 3000 kiloqram ağırlığında döyüş başlığı daşıya bilir. Hərbi məqsədlərlə yanaşı, Ankara bu texnologiyadan peyklərin orbitə çıxarılması, kəşfiyyat və real vaxt rejimində monitorinq müstəqilliyini təmin etmək üçün də istifadə edəcək.
"Biz bu silahdan yalnız çəkindirici vasitə kimi istifadə etməyi düşünürük. Lakin ondan istifadə etmək məcburiyyətində qalsaq, kimsə tərəddüd edəcəyimizə şübhə etməsin", - Türkiyənin müdafiə naziri Yaşar Gülər deyib
İlk test buraxılışları üçün Somali seçilib və raketlər Hind okeanı istiqamətinə atılacaq. Bu, sıx məskunlaşmış ərazilər üzərindən uçuşun qarşısını almaq məqsədi daşıyır. Qeyd edək ki, Türkiyənin ən böyük xarici hərbi bazası məhz Somalidə yerləşir və yerli hökumət bu layihəni tam dəstəkləyir.
Ankara tək bir layihə ilə kifayətlənmir və bütöv bir ballistik sistem xətti yaradır:
Tayfun-1: Artıq seriyalı istehsaldadır (mənzili 560 km);
Tayfun-4: Sınaqlara hazırlanır (mənzili 2000 km-dən çox);
Cenk: 3000 km radiusda hərəkət edən raket;
Polad Günbəz: Türkiyənin yerli raketdən müdafiə sistemi.
NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə, xüsusilə ABŞ qoşunlarının Avropadan çıxarılması ehtimalı fonunda qitənin təhlükəsizliyini təkbaşına təmin edə biləcəyini sübut etməyə çalışır. Eyni zamanda, İranın nüvə ambisiyaları Ankaranı daha güclü çəkindirici vasitələr yaratmağa sövq edir. /Musavat.com/