Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI
129
10:51, Bu gün

Nevroloq telefondan çox istifadənin təhlükələrindən DANIŞDI

“Telefon asılılığı, yəni kompulsiv və davamlı istifadə sinir sistemi üçün ciddi risklər yaradır. Uzunmüddətli ekran istifadəsi beyində dopamin səviyyəsinin dəyişməsinə səbəb olur. Bu isə diqqət və fokus pozuntuları, emosional disbalans, impulsiv davranışların artması və psixoloji asılılıq mexanizminin formalaşması ilə nəticələnir”.

Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” proqramında nevropatoloq Kəmalə İsmayılova səsləndirib.

Onun sözlərinə görə, telefondan uzunmüddətli istifadə simpatik sinir sisteminin aktivliyini artırır və parasimpatik balansı zəiflədir:

“Kortizol səviyyəsinin yüksəlməsi nəticəsində təşviş və panik reaksiyalar, ürək ritmində dəyişikliklər, yuxu-oyanıqlıq balansının pozulması, diqqət və yaddaş funksiyalarında zəifləmə müşahidə olunur. Beyin və orqanizm davamlı olaraq yüksək stimul vəziyyətində qalır. Nəticədə insan özünü əsəbi və yorğun hiss edir.

Uşaqlar və yeniyetmələr üçün telefon asılılığının təsiri daha narahatedicidir. Bu yaş dövrlərində beynin sinaptik əlaqələri və koqnitiv funksiyaları hələ tam formalaşmadığından, kompulsiv telefon istifadəsi diqqət, yaddaş, öyrənmə və sosial bacarıqların inkişafına mənfi təsir göstərə bilər. Uzunmüddətli perspektivdə bu cür vərdişlər emosional və davranış problemlərinə səbəb ola, öyrənmə proseslərini zəiflədə və sosial münasibətləri çətinləşdirə bilər”.

Nevropatoloq qeyd edib ki, telefon və sosial şəbəkələrdən istifadənin mənfi təsirlərini azaltmaq üçün yatmazdan əvvəl ekran təmasını mümkün qədər məhdudlaşdırmaq, sosial şəbəkələr üçün vaxt limitləri təyin etmək, gün ərzində fiziki və sosial aktivliyi artırmaq, texnologiyadan istifadədə rasional yanaşmanı qorumaq, uşaqlarda və yeniyetmələrdə ekran vaxtını nəzarətdə saxlamaq tövsiyə olunur:

“Texnologiyadan balanslı və ölçülü istifadə yalnız yuxu keyfiyyətini yaxşılaşdırmaqla kifayətlənmir, həm də emosional stabillik, diqqət və ümumi psixoloji sağlamlıq üçün mühüm rol oynayır. Gündəlik həyatımızda bu balansı qorumaq sağlam həyat tərzinin və sinir sistemi sağlamlığının təmin edilməsi baxımından vacibdir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər