2026-cı il mayın 5-də İrəvanda keçirilən ilk Avropa Birliyi–Ermənistan Sammiti Güney Qafqazın geosiyasi mənzərəsində yeni mərhələnin başlanğıcı kimi təqdim olundu. Sammitin yekununda qəbul edilən birgə bəyanat isə bölgədə sülh, təhlükəsizlik və inteqrasiya məsələlərinə münasibətdə müəyyən yeni siyasi işarələr verdi. Maraqlıdır, son aylarda Avropa Parlamentində və bəzi siyasi dairələrdə davamlı şəkildə qabardılan “Qarabağ ermənilərinin hüquqları”, “beynəlxalq təminat altında qayıdış”, eləcə də Bakıda mühakimə olunan bəlli müharibə suçluları, adıbəlli separatçı şəxslərlə bağlı ritorika həmin yekun sənəddə öz əksini tapmadı.
Bax, bu məqam təsadüfi sayılmamalıdır; əksinə, Avropa siyasi sisteminin iç ayrılmasını (diferensiasiyasını) və qərarvermə mərkəzləri arasındakı fərqləri göstərən önəmli nüansdır.
Sual oluna bilər: Avropa Parlamenti ilə Avropa Birliyi eyni siyasi iradədirmi?
Azərbaycan ictimai rəyində çox zaman “Avropa” anlayışı monolit struktur kimi tanıdılır; halbuki Avropa Parlamenti ilə Avropa Birliyinin icraedici və institusional strukturları arasında həm hüquqi, həm siyasi, həm də praktiki fərqlər mövcuddur.
Elə bu səbəbdən, 30 aprel tarixli Avropa Parlamenti qətnaməsində yer alan “Qarabağ ermənilərinin beynəlxalq təhlükəsizlik təminatı ilə qayıdışı”, “erməni məhbusların azad edilməsi” kimi qərəzli çağırışların İrəvan sammitinin yekun sənədində yer almaması diqqətçəkən siyasi göstəricidir.
Başqa sözlə, Avropa Parlamenti daha çox emosional-siyasi platforma kimi çıxış edərkən, Avropa Birliyinin Şurası və Komissiyası isə praktiki, strateji geopolitik məsuliyyət daşıyan institutlar təsiri bağışlayır. Onlar artıq bəzi önəmli qənaətlərə varmışlar.
Çünki artıq həm “Qarabağ məsələsi”nin hüquqi baxımdan bağlandığı, həm Azərbaycanın suverenliyinin beynəlxalq səviyyədə tanındığı, həm də separatizmə yenidən legitimlik verilməsinin bölgədə sülh perspektivini zədələyə biləcəyi anlayışı formalaşmaqdadır.
Sammit sənədində daha çox “sülh anlaşması”, “bölgəsəl sabitlik”, “ərazi bütövlüyü”, “inteqrasiya”, “kommunikasiyalar, bağlantılar” kimi mövzulara üstünlük verilməsi də bunu göstərir.
Bəs İrəvan sənədinin Bakı üçün strateji sonucları varmı, varsa nədir?
Bu durum Azərbaycan üçün strateji ayırma siyasəti aparmağın daha doğru olduğunu göstərir; başqa sözlə, emosional reaksiya gərəkli görünmür. – Əgər Avropa Parlamentində müəyyən ermənipərəst dairələrin təsiri qalırsa belə, Avropa Birliyinin digər institutlarında daha realist və praqmatik yanaşmanın mövcudluğu görünür.
Deməli, Avropa Parlamenti ilə münasibətlərdə sərt siyasi mövqe, Avropa Komissiyası, Avropa Şurası və Avropa Siyasi Birliyi ilə isə rasional işbirliyi modeli Azərbaycan üçün daha məqsədəuyğun görünür.
Çünki Avropa Siyasi Birliyi platforması artıq təhlükəsizlik, enerji, daşımalar və geosiyasi koordinasiya məkanı kimi formalaşır və “normativ Avropa” olmaqdan çıxır. Azərbaycan isə bu sistemdə enerji təhlükəsizliyi təminatçısı, Orta Dəhlizin əsas aktoru, Türk dünyası ilə Avropa arasında strateji körpü, Güney Qafqazda gerçək sabitlik yaradan dövlət kimi çıxış edir. Bu gerçəkləri Brüssel də yaxşı anlayır.
Buradan, Ermənistanın “Avropaya dönüşü” və yeni bölgəsəl balans mövzusu hasil olur.
Yəni İrəvan Sammiti həm də Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya cəhdinin nümayişi idi. Sammitdə iqtisadi inteqrasiya, təhlükəsizlik işbirliyi, viza liberallaşdırılması və bağlantı layihələri ön plana çəkildi; lakin burada belə bir önəmli sual yaranır: Avropa Ermənistanı bölgədə sülh tərəfdaşına çevirmək, yoxsa yeni geosiyasi qarşıdurma xətti qurmaq istəyir? Əgər ikinci xətt üstünlük qazansa, bu, nə Ermənistanın özünə, nə də bölgəyə fayda verəcək; əgər birinci xətt qalib gəlsə, o halda Bakı ilə işbirliyi qaçılmaz olacaq. Çünki bölgədə uzunmüddətli sabitlik Azərbaycanın iştirakı olmadan mümkün deyil.
Bəs “qayıdış” ritorikasının sənəddə olmaması nəyi göstərir? – Bizcə, bu, bir neçə önəmli anlam daşıyır:
birincisi, gəlin hüquqi gerçəklərin qəbulunu vurğulayaq. – Qarabağ məsələsini “status” və ya “beynəlxalq protektorat” modeli ilə geri qaytarmaq mümkün deyil. – AB artıq anlayır;
ikincisi, “separatizmə məsafə”yə vurğu edək. – Bakıda mühakimə olunan şəxslərin “siyasi məhbus” kimi təqdim edilməməsi, onların fəaliyyətinin hüquqi müstəvidə qiymətləndirilməsinə (belə deyək) dolayı qəbul təsiri bağışlayır;
üçüncüsü, yeni diplomatik dilin (üslubun) formalaşmasını da yazmadan keçməyək. – AB emosional qətnamə dili ilə gerçək siyasi sənəd dili arasında fərq qoymağa başlayıb. Heç şübhəsiz, bu fərq Azərbaycanın diplomatik fəaliyyətinin də nəticəsidir.
Yaxşı, bundan sonra biz nə etməliyik?
Avropa ilə münasibətləri qoparmamaq;
Avropa Parlamentinin qərəzli dairələri ilə bütün Avropanı eyniləşdirməmək;
enerji, daşımalar, təhlükəsizlik və bağlantı diplomatiyasını gücləndirmək;
Avropa Siyasi Birliyi platformasında fəallığı artırmaq;
Türk Dövlətləri Təşkilatı ilə Avropa arasında körpü rolunu dərinləşdirmək... – bütün bunlar Azərbaycan üçün optimal yanaşma və ya uyğun xətdir.
Bu mərhələdə rəsmi Bakı strateji dövlət davranışı, soyuqqanlı yanaşma – bir sözlə, rasional dövlət mövqeyi ilə rəftarda (emosional dilə ehtiyac duymamaqda) haqlıdır.
Geopolitikada bəzən bir sənəddə yazılmayan cümlə, yazılanlardan daha önəmli olur…
İrəvan Sammitinin yekun bəyanatında Qarabağla bağlı maksimalist erməni tezislərinin, birtərəfli yanaşmaların yer almaması da məhz belə siyasi səssizliklərdən biridir…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI