Bakı- Brüssel xəttində realist və praqmatik uzlaşma
Siyasət
132
10:19, Bu gün

Bakı- Brüssel xəttində realist və praqmatik uzlaşma

Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər dəyişən qlobal geosiyasi düzənin diktə etdiyi strateji reallıqlar fonunda yeni keyfiyyət çalarları əldə etməkdədir. Xüsusilə Vətən müharibəsindən sonra buu münasibətlər artıq emosional ritorikadan və epizodik siyasi yanaşmalardan uzaqlaşaraq, davamlı qarşılıqlı maraqların və rasional seçimlərin müəyyən etdiyi praqmatik tərəfdaşlıq modelinə çevrilməkdədir. Məhz bu model Bakı–Brüssel xəttində əməkdaşlığın dayanıqlığını və potensial olaraq daha da dərinıəşməsini təmin edən əsas amil kimi çıxış edir.
 
Avropa Parlamenti və AŞPA kimi bəzi siyasi platformalarda zaman-zaman müşahidə olunan ziddiyyətli və kəskin ritorikaya baxmayaraq, Aİ ilə Azərbaycan dövləti arasında institusional dialoqun fasiləsiz davam etməsi bu münasibətlərin artıq sistem xarakteri aldığını göstərir. Bu, eyni zamanda onu sübut edir ki, Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı ayrı-ayrı siyasi mövqelərin təsirindən daha çox, uzunmüddətli geosiyasi maraqlar və strateji zərurətlər üzərində qurulur.
 
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın regiona səfəri və Ermənistanla təmaslardan dərhal sonra Bakıya gəlməsi bu kontekstdə xüsusi diqqət çəkir. Bu səfər yalnız diplomatik əlaqələrin davamlılığını deyil, eyni zamanda Azərbaycanla münasibətlərin Avropa İttifaqının prioritetlər sistemində mühüm yer tutduğunu nümayiş etdirir. Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər və daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri zamanı qəbul olunmuş birgə bəyanat bu münasibətlərin artıq strateji xarakter daşıdığını təsdiqləyir.
 
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı müstəsna rol bu əməkdaşlığın əsas dayaqlarından biri olaraq qalır. Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir dövrdə Azərbaycanın etibarlı və proqnozlaşdırılan tərəfdaş kimi çıxış etməsi Avropa İttifaqı üçün təkcə iqtisadi deyil, həm də ciddi siyasi-strateji əhəmiyyət daşıyır. Azərbaycan qazının Avropanın yeni bazarlarına, o cümlədən Almaniya və Avstriyaya çatdırılması bu əməkdaşlığın coğrafiyasını genişləndirməklə yanaşı, onun institusional dayanıqlığını da gücləndirir. Eyni zamanda enerji əməkdaşlığının artıq bərpa olunan mənbələr, yaşıl enerji və enerji keçidi kimi istiqamətləri əhatə etməsi tərəfdaşlığın gələcəyə hesablanmış xarakterini göstərir.
 
Bütün bunlarla yanaşı, Azərbaycanın geostrateji mövqeyi onun beynəlxalq nəqliyyat və logistika sistemində rolunu əhəmiyyətli dərəcədə artırır. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri çərçivəsində həyata keçirilən layihələr ölkəni Avropa ilə Asiya arasında mühüm tranzit və bağlantı mərkəzinə çevirir. Bu amil əməkdaşlığın yalnız enerji ilə məhdudlaşmadığını, onun çoxşaxəli iqtisadi və strateji mahiyyət daşıdığını göstərir.
 
Kaya Kallasın səfəri zamanı rəqəmsal transformasiya, süni intellekt və bərpa olunan enerji kimi yeni əməkdaşlıq sahələrinin müzakirəyə çıxarılması isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin innovativ inkişaf trayektoriyasına daxil olduğunu nümayiş etdirir. Bu yanaşma tərəflərin əməkdaşlığı yalnız ənənəvi sahələrlə məhdudlaşdırmaq niyyətində olmadığını, əksinə, onu gələcəyin texnoloji və iqtisadi çağırışlarına uyğun şəkildə genişləndirməkdə maraqlı olduğunu göstərir.
 
Eyni zamanda regionda sülh və sabitlik məsələlərinin bu dialoqun ayrılmaz hissəsi kimi gündəmdə qalması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın sülh gündəliyinə sadiqliyi, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması istiqamətində atdığı addımlar, o cümlədən Ermənistana tranzit yüklərlə bağlı məhdudiyyətlərin birtərəfli qaydada aradan qaldırılması konstruktiv və məsuliyyətli siyasətin bariz nümunəsidir. Bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunmasına xidmət etməklə yanaşı, Avropa İttifaqı ilə əməkdaşlığın siyasi əsaslarını da möhkəmləndirir.
 
Bütün bu proseslər göstərir ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq daha dərin, çoxşaxəli və institusional əməkdaşlıq sisteminə transformasiya olunur. Bu sistemin əsas xüsusiyyəti isə onun dəyişən geosiyasi reallıqlara uyğunlaşma qabiliyyəti və qarşılıqlı maraqlar əsasında davamlılığını qorumasıdır.
 
Nəticə etibarilə, mövcud dinamika bir daha təsdiqləyir ki, Bakı–Brüssel xəttində münasibətlər emosional təsirlərdən kənar, strateji maraqların uzlaşdığı və praqmatizmin aparıcı prinsip kimi çıxış etdiyi yeni bir mərhələyə daxil olmuşdur. Bu mərhələ yalnız bugünkü reallıqları deyil, eyni zamanda gələcək əməkdaşlığın konturlarını da müəyyən edən fundamental siyasi xətt kimi çıxış edir.
 
Cavanşir Feyziyev,
Milli Məclisin deputatı
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər