ABŞ və Çin liderlərinin görüşündə süni intellekt yarışı müzakirə oluna bilər
Dünya
294
08:30, Bu gün

ABŞ və Çin liderlərinin görüşündə süni intellekt yarışı müzakirə oluna bilər

Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında keçiriləcək görüşün gündəliyinə süni intellekt məsələsinin daxil edilməsini nəzərdən keçirir.
 
Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
 
Məlumata görə, tərəflər süni intellektin gözlənilməz davranışı, avtonom hərbi sistemlərin tətbiqi və açıq mənbəli güclü modellərdən hücum məqsədilə istifadə risklərini müzakirə etmək istəyirlər.
 
Nəşr qeyd edib ki, daha güclü süni intellekt modellərinin yaradılması uğrunda yarış hər iki ölkənin idarə etməkdə çətinlik çəkəcəyi böhrana səbəb ola bilər.
 
Qəzetin yazdığına görə, süni intellekt mövzusunun sammitin gündəliyinə daxil edilməsi ilə bağlı yekun qərarı Donald Tramp və Si Cinpin verəcəklər.
 
“WSJ” xatırladıb ki, 2023-cü ildə Si Cinpin və həmin dövrdə ABŞ prezidenti olan Co Bayden süni intellekt sahəsində dialoqu davam etdirmək barədə razılığa gəlmişdilər. 2024-cü ildə Peruda keçirilən görüşdə isə tərəflər nüvə silahları sahəsində süni intellekt üzərində insan nəzarətinin qorunmasının vacibliyini vurğulamışdılar.
 
Qeyd edək ki, Donald Trampın Çinə səfəri mayın 14-15-nə planlaşdırılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər