DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
Cəmiyyət
209
19:05, Bu gün

DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 17 may 2026-cı il tarixində keçirilən imtahanların nəticələri elan olunub.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər imtahan nəticələrini verilən keçiddən https://eservices.dim.gov.az/2026/nettex/ öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2026/netorta/?frm=egov istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarda 5724 nəfər iştirak edib. Tələb olunan qaydaları pozduğu üçün 2 nəfər imtahandan xaric edilib.

İmtahanda ən yüksək nəticəni 290,1 bal toplayan Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin cari il məzunu Əlizadə Gülay Elsəvər qızı göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 1 iyun saat 10:00-dan 3 iyun saat 17:00-dək tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
Abituriyentlərin (şagirdlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
Abituriyentlərin (şagirdlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.
Bundan sonra abituriyentlər (şagirdlər) apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin (şagirdlərin) nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər