Cavanşir Feyziyev: “Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır”
Cəmiyyət
154
10:20, Bu gün

Cavanşir Feyziyev: “Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır”

WUF 2001-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən bu gün dünyanın üzləşdiyi ən aktual problemlərdən birini - sürətli şəhərləşməni və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaq üçün yaradılmışdır. Bu gün urbanizasiya, ekoloji tarazlıq və müasir şəhər mühiti dünyanın əsas müzakirə mövzularındandır.
 
Azərbaycanda dayanıqlı şəhərsalma üçün ən böyük problem nədir?
 
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, şəhər ilk növbədə avtomobillər üçün yox, insanlar üçün qurulmalıdır: "Zənnimcə, Azərbaycanda dayanıqlı şəhərsalma üçün ən böyük problem balans məsələsidir - yəni sürətli inkişaf ilə uzunmüddətli yaşayış keyfiyyəti arasında balansın düzgün qorunması vacibdir. Belə ki, son illərdə Bakı çox sürətlə böyüyüb və inkişaf edib. Bu inkişaf iqtisadi baxımdan vacib idi, lakin şəhərin infrastruktur imkanları əhalinin və tikintinin artım tempindən geri qalır. Bunu xüsusilə nəqliyyat sıxlığında, yaşıl zonaların əhalinin artım tempinə uyğun olaraq artmamasında və şəhərin həddindən artıq mərkəzləşməsində görmək mümkündür. Məncə əsas problemlərdən biri odur ki, şəhər yalnız çoxsaylı müasir binaların tikildiyi ərazi kimi yox, vahid ekosistem kimi planlaşdırılmalıdır. İnsanların rahat hərəkəti, havanın keyfiyyəti, ictimai nəqliyyatın rahat işləməsi, enerji səmərəliliyi, sosial məkanlar və təhlükəsizlik bir-biri ilə əlaqələndirilməlidir. Şəhərsalma siyasəti daha çox ictimai nəqliyyatın inkişafını, piyada və velosiped infrastrukturlarını, yaşıl məkanların qorunmasını və artırılmasını, enerji istehlakı baxımından daha səmərəli tikinti texnologiyalarını nəzərdə tutmalıdır. Bütün bunlarla yanaşı paytaxtla bərabər regionların da hərtərəfli inkişafı hesabına Bakıya düşən yükün azaldılmasına nail olmaq şəhərsalma siyasətinin əsas prioritetlərindən biri kimi nəzərdə tutulmalıdır.
 
Ən vacib məsələ isə odur ki, şəhər ilk növbədə avtomobillər üçün yox, insanlar üçün qurulmalıdır. Dayanıqlı şəhər o şəhərdir ki, orada insanlar özlərini rahat, təhlükəsiz və sağlam hiss edirlər”.
 
Bakının gələcək şəhər modeli necə olmalıdır?
 
Cavanşir Feyziyev vurğulayıb ki, Bakı gələcəkdə regionun yaşayış keyfiyyəti baxımından ən nümunəvi şəhərlərindən birinə çevrilə bilər: “Mən hesab edirəm ki, Bakının gələcək modeli müasir, yaşıl və çoxmərkəzli şəhər modeli olmalıdır. Uzun illər ərzində iqtisadi və sosial fəaliyyətin böyük hissəsi əsasən şəhər mərkəzində cəmləşib. Bu isə həm nəqliyyatın yüklənməsini artırır, həm də insanların gündəlik həyat keyfiyyətinə mənfi təsir edir. Gələcək modeldə şəhərin müxtəlif hissələri daha funksional və müstəqil olmalıdır ki, insanlar işləmək, təhsil almaq və gündəlik ehtiyaclarını qarşılamaq üçün mütləq şəhərin mərkəzinə getməli olmasınlar. Bakının hər bir inzibati rayonu öz- özlüyündə ayrıca bir şəhərcik kimi rahat həyat üçün tam funksionallığa malik olmalıdır. Mən Bakının gələcək inkişafı üçün üç əsas istiqaməti xüsusilə vacib hesab edirəm.
 
Birincisi, güclü və əlçatan ictimai nəqliyyat sistemi qurulmalıdır. Metro xətlərinin genişləndirilməsi, sürətli avtobus şəbəkələrinin və şəhərətrafı nəqliyyatın inteqrasiyası həyata keçirilməli və bütün nəqliyyat növlərinin bir- birini tamamlayan ahəngdar fəaliyyəti təmin edilməlidir.
 
İkincisi, yaşıl və ekoloji şəhər konsepsiyasına üstünlük verilməlidir. Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır. Şəhərin gələcəyi betonun miqdarı ilə deyil, həyat keyfiyyəti ilə ölçülməlidir.
 
Üçüncüsü isə ağıllı şəhər texnologiyalarının tətbiqidir. Müasir inkişaf tendensiyaları göstərir ki, şəhər infrastrukturunun rəqəmsal idarə edilməsi, enerji səmərəliliyi, ağıllı işıqlandırma, su resurslarının düzgün idarə olunması və şəhər əhalisinə rəqəmsal xidmətlər gələcək urbanizmin əsas parametrləri olacaq”.
 
Cavanşir Feyziyev əlavə edib: “Məncə Bakı gələcəkdə regionun yalnız iqtisadi deyil, həm də yaşayış keyfiyyəti baxımından ən nümunəvi şəhərlərindən birinə çevrilə bilər. Bunun üçün şəhərin inkişaf perspektivlərini iqtisadi, sosial və demoqrafik proqnozları nəzərə almaqla öncədən daha uzun müddət üçün planlaşdırmaq lazımdır və gələcək layihələrdə insan mərkəzli yanaşma əsas prioritet kimi nəzərdə tutulmalıdır”.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər