İngiltərə Bankı yeni Britaniya funtu əsginaslarının dövriyyəyə buraxılması məqsədilə ictimai müzakirələrə başladığını bəyan edib. Təklifə əsasən, pulların üzərindəki tarixi şəxsləri, xüsusən də keçmiş baş nazir Uinston Çörçilli 18 endemik vəhşi heyvan növü, o cümlədən bayquş, böyük əyridimdik, Atlantik tupiki və qurbağa əvəzləyə bilər.
Moderator.az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın vətəndaşları 3 iyun - çərşənbə günündən başlayaraq poçtla və ya rəsmi dövlət portalı üzərindən onlayn səsvermədə iştirak edə bilərlər. Seçicilərə üç fərqli bölmədən (məməlilər, quşlar, o cümlədən suda-quruda yaşayanlar, həşəratlar və balıqların ortaq qrupu) iki heyvan növünü təklif etmək imkanı yaradılır. Səsvermə prosesi iyul ayının 3-dək yekunlaşacaq. Yeni dizaynların 5, 10, 20 və 50 funt sterlinqlik kağız pullar üzərinə həkk olunması nəzərdə tutulur. Mərkəzi Bank heyvanların xüsusi olaraq qruplaşdırıldığını vurğulayıb. Qeyd olunub ki, müxtəlif dəyərə malik əsginaslar vizual olaraq bir-birindən seçilməlidir:
"Dörd fərqli kupyurada İngiltərənin müxtəlif təbii ekosistemlərini simvolizə edən ayrı-ayrı heyvanların olması önəmlidir. Buna görə də bank mütləq şəkildə ən çox səs toplayan dörd növü seçməyə bilər. Əhalinin rəyi son qərarı qəbul edəcək rəhbər Endryu Beyli tərəfindən dəyərləndiriləcək".
Xatırladaq ki, hazırda Britaniya pullarının üzərində keçmiş baş nazir Uinston Çörçill (1874-1965), yazıçı Ceyn Ostin (1775-1817), rəssam Uilyam Törner (1775-1851) və riyaziyyatçı Alan Türinqin (1912-1954) rəsmləri var.
Qurum yekun qərarını ilin sonuna qədər ictimaiyyətə açıqlayacaq. Maliyyə təşkilatından bildirilib ki, yeni pul nişanlarının hazırlanması prosesi illərlə vaxt apara bilər. Həmçinin əlavə olunub ki, gələcəkdə çap olunacaq rəsmi əsginaslarda da fəaliyyətdə olan monarxın şəkli mütləq şəkildə yer alacaq.