21 may 2026-cı il tarixində WUF13 çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Şamaxıya mediatur təşkil edilib.
Bu barədə Moderator.az-a Medianın İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, mediatur çərçivəsində ilk olaraq Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi ziyarət edilib. Qeyd olunub ki, 743-cü ildə inşa edilən məscid əsrlər boyu müxtəlif tarixi sınaqlardan və dağıdıcı zəlzələlərdən keçməsinə baxmayaraq öz tarixi-mədəni əhəmiyyətini qoruyub saxlayıb. Məlumat verilib ki, bərpa prosesi zamanı məscidin tarixi memarlıq üslubu və orijinal elementləri xüsusi həssaslıqla qorunub saxlanılıb.
Media nümayəndələri daha sonra ölkəmizin üzümçülük mədəniyyəti ilə tanış olmaq məqsədilə "Meysəri" şərabçılıq kompleksinə səfər ediblər. Diqqətə çatdırılıb ki, Şamaxının Meysəri kəndinin əlverişli təbii-iqlim şəraiti, illik yağıntı göstəriciləri, temperatur balansı, eləcə də ərazinin müxtəlif hissələrindən götürülən torpaq nümunələrinin analiz nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün geniş imkanlar yaradır.
Xarici media nümayəndələri sonda çoxəsrlik dəmirçilik ənənələri ilə zəngin olan Dəmirçilər kəndini ziyarət edərək kəndin tarixi ilə bağlı ətraflı məlumat alıblar. Vurğulanıb ki, Dəmirçi Şamaxının ən qədim kəndlərindən biridir və onun tarixi XV əsrə gedib çıxır, qədimdə Güneyçay adlanan kənddə dəmirçilik sənəti geniş yayıldığı üçün sonralar yaşayış məntəqəsi Dəmirçi adlandırılıb.