“Ay xanımlar, sizi çox işlədib hərifləyirlər...” - Seyran Səxavətdən Kamal Abdullaya DƏSTƏK  
Siyasət
238
19:40, Bu gün

“Ay xanımlar, sizi çox işlədib hərifləyirlər...” - Seyran Səxavətdən Kamal Abdullaya DƏSTƏK  

“Qadın evdə oturub övladlarına, ailəsinə baxsa, daha yaxşıdır” fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Xalq yazıçısı, Bakı Slavyan Universitetinin sabiq, Azərbaycan Dillər Universitetinin hazırkı rektoru Kamal Abdullanın “Qafqazinfo”ya müsahibəsində səsləndirdiyi bu fikirlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə müxtəlif reaksiyalara səbəb olub. Xüsusilə qadınlar arasında narazılıq doğuran açıqlama gender rolları və qadının cəmiyyətdəki yeri ilə bağlı növbəti polemikanı alovlandırıb.

Yazıçı-şair, publisist Seyran Səxavət Musavat.com-a açıqlamasında Kamal Abdullanı dəstəklədiyini bildirib: “Ümumiyyətlə, qadınlarla bağlı bu sual çox xatalıdır. Prinsip etibarilə Kamal Abdulla ilə razılaşıram. Ümumiyyətlə, “gender bərabərliyi” anlayışı ortaya çıxandan sonra qadınlara ürəyim ağrıyır. Elə o vaxtdan qadınlar iki növbə işləməyə başladılar. Səhər evdən çıxıb işə gedir, 8 saat iş,  Bakının tıxacları, sonra evə qayıdır. Amma bununla da bitmir, ev işi, uşaqlar, yemək, təmizlik də onun üzərində qalır. Qadın da insandır, onun enerjisi atom enerjisi deyil ki. Mənə elə gəlir ki, bu vəziyyət qadın üçün ağır yük yaradır və mənim buna ürəyim ağrıyır. Qadın fiziki təzyiqə dözmür, yavaş-yavaş qadın cildindən çıxır. İstənilən gözəllik təzyiq altında əvvəl-axır eybəcərləşir. Dünyanın dahilərindən olan Karl Marksın qadınlar haqqında bir sözü var: “Qadının gücü onun zərifliyində və zəifliyindədir”. 

İndi qadınlar özü bilər, biz belə deyirik. Kamal da onu deyir. Sadəcə sizi çox işlədib hərifləyirlər. Kişi olaraq qadınları həmişə rahat, gözəl, incə və zərif görmək istəyirik. Ay başımızın tacı, qoymayın sizi hərfləsinlər, iki növbə işlətməsinlər. Özünüzə heyfiniz gəlsin, işləmək istəyirsinizsə, evinizdə uşaqlara baxın, özü də indiki şəraitdə, qorxunc dünyəvi mühitdə sağlam əqidəli, vicdanlı uşaq böyütmək ən şərəfli işdir. Bundan şərəfli iş yoxdur. Heç kimlə də mübahisə etmək fikrim yoxdur. İstəyənlər bəyənsin, istəməyən bəyənməsin”.

“Qadınlar, “niyə axı bütün yük qadının üzərində olmalıdır, qadın işləyirsə, kişi də ev işlərində bərabər kömək etməlidir” deyə düşünürlər” sualına yazıçı belə cavab verib: “Mən ailəmi tam təmin edirəmsə, hər şey alıramsa, sənin işləməyinə nə hacət var. Uşaqlarına bax, ərinlə dünyanı gəz”.

“Bir çox qadının işləmək istəməsi elə sizin dediyiniz həyatı arzuladıqları üçündür. Axı hamı dünyanı gəzmir” fikrinə isə yazıçı bunları deyib: “Bu saat heç kişinin qazandığı bir şey deyil, qadının qazandığı nə olacaq?! Yaxşı, istəmirsiniz, gedin 3 növbəli işdə işləyin, üç gün keçəndən sonra güzgüyə baxanda özünüzü tanımayacaqsınız. Qadın zərif məxluqdur, gecə-gündüz traktor kimi işləməli deyil. 80 yaşım var, 56 il də ər kimi təcrübəm var. Bu mənim fikrimdir”.

“Zaman-zaman belə fikirlər də səslənir ki, kişilər qadınlardan daha bilikli və ya daha ağıllıdırlar. Elmdə irəli çıxan qadın yoxdur, bu da cəmiyyətdə birmənalı qarşılanmır”, sualına da Seyran Səxavət cavab verib:

“Yox, bununla razı deyiləm. Biliyin, savadın, səviyyənin cinsi olmur. Heç eşitmisinizmi kişi səviyyəsi, qadın səviyyəsi deyilsin. Elə qadınlar var ki, yüz kişiyə bərabərdir – ağlı ilə, savadı ilə, məntiqi ilə, dünyagörüşü ilə. Necə ki, mərd adamın cinsi olmur, kişi də, qadın də mərddir. Bunu müzakirə edənlər də hamısı bekarçılıqdan danışır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər