"Uzun müddət ərzində dünya miqrasiyadan ilk növbədə təhlükə kimi danışırdı. Lakin bu, təhlükə deyil. Bu, bir reallıqdır ki, biz buna hazır olmalıyıq".
Moderator.az-ın xəbərinə görə, bu sözləri Bolqarıstan Prezidenti İliyana Yotova WUF13 çərçivəsində keçirilən Liderlər Zirvəsində deyib.
"Hazırlıqlı şəhər insana vətəndaş, işçi və cəmiyyətin bir hissəsi olmağa kömək edir. Hazırlıqsız şəhər onu təcridə və qeyri-rəsmiliyə sıxışdırır. Və bu ssenarilər arasında seçim siyasi liderlərdən asılıdır.
Müharibələrdən başqa, iqlim dəyişikliyi getdikcə köçün daha ciddi səbəblərindən birinə çevrilir. Quraqlıq, su çatışmazlığı, dəniz səviyyəsinin yüksəlməsi və torpaqların deqradasiyası artıq insanları miqrasiyaya vadar edir.
Bolqarıstanda biz bu prosesləri yaxşı başa düşürük. Bir çox Avropa ölkələri kimi, biz də əhalinin yaşlanması, daxili miqrasiya, regionların əhalisinin azalması və böyük şəhərlərlə kiçik yaşayış məntəqələri arasında artan qeyri-bərabərliklə qarşılaşırıq.
Biz bilirik ki, gənc ailələrin mənzil almaq üçün imkanlarının olmaması və perspektiv hissini itirmələri nə deməkdir.
Bu gün bu çağırışlar bütün dünya ölkələrini birləşdirir. Və əgər problemlər ortaqdırsa, o zaman həll yolları da ortaq olmalıdır. Dünya sərbəst şəkildə bilik və təcrübə mübadiləsi aparmalıdır, çünki gələcəyimiz ortaqdır", - deyə o bildirib.