Cəlil Xəlilov: “Bu uğur Azərbaycana Laçın rayonuüzərində nəzarəti heç bir itki vermədən bərpa etməyə imkan verdi”
“1 dekabr 2020-ci il tarixində Laçının erməni işğalından azad edilməsi Azərbaycanın hərbi-diplomatik gücünün təntənəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi uğurudur”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyev Laçının azadlığına nail olmaqla sadəcə erməni işğalına son qoymadı, həm də tarixi bir ləkəni ortadan qaldırdı, AXC-Müsavat hakimiyyətinin biabırçı səhvini düzəltdi:
“Hər kəsə məlum olduğu kimi, Laçın rayonunun erməni işğalı altına düşməsində o zaman hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səhvləri, yanlış siyasəti mühüm rol oynayıb. Səriştəsiz adamların hakimiyyətə gəlməsi, ordu rəhbərlyində qeyri-peşəkar kadrların təmsilçiliyi, milli maraqların şəxsi maraq və mənafelərə qurban verilməsi sonda bir sıra ərazilərimizin, eləcə də Laçın rayonunun ermənilər tərəfindən işğalı ilə nəticələndi.
Qürurvericidir ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində işğaldakı torpaqlarımızı düşmən tapdağından azad edən Prezident İlham Əliyev diplomatik müstəvidə də böyük uğurlara imza atdı. Belə ki, bir sıra rayonlarımız, eləcə də Laçın erməni işğalından bir güllə belə atılmadan azad oldu. Bu, Azərbaycan dövləti, Azərbaycan diplomatiyası adına son dərəcə böyük və tarixi bir uğurdur. Hansı ki, bu uğur Azərbaycana imkan verdi ki, Laçın rayonunu üzərində nəzarəti heç bir itki vermədən bərpa etsin.
Bundan başqa, Laçının hərbi əməliyyatsız azad edilməsi Azərbaycanın siyasi-diplomatik müstəvədə də böyük və qarşısıalınmaz gücə malik olduğunu göstərdi. Baş verənər sübut etdi ki, Prezident İlham Əliyev sadəcə hərb meydanında deyil, diplomatik cəbhədə də yeniməz sərkərdə, dahi dövlət xadimidir.
Bu gün işğaldan azad edilən bütün ərazilər kimi doğma Laçınımızda da böyük abadlıq və quruculuq işləri davam edir. Vaxtiylə ermənilər tərəfindən viran ediən Laçın indi əsl cənnəti xatırladır. Bu gün hər bir azərbaycanlı, eləcə də Laçına səfər edən hər bir əcnəbi vətəndaş əmindir ki, yaxın illərdə Laçın daha da gözəlləşəcək və dünyanın ən qabaqcıl turizm mərkəzlərindən birinə çevriləcək.
Onu da qeyd edim ki, 19 iyun 2025-ci il tarixində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.
Konfransda Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov da iştirak edib, çıxışında Prezident İlham Əliyevin rəhbərliyi altında rayonda görülən işlərə diqqət çəkib.
Laçın səfəri zamanı şahid olduğumuz yeniliklər, bu yeniliklərin biz veteranlarda yaratdığı bir-birindən gözəl təəssüratlar bir daha onu deməyə əsas verir ki, Laçın sürətlə inkişaf etməkdə davam edir və bugünə qədər olduğu kimi bundan sonra da öz uğurları ilə bütün dünyanı heyrətləndirəcək”.
Seymur ƏLİYEV