"Müsabiqənin siyasi alətə çevrildiyini deyən izləyicilər nəticələrin artıq musiqi ilə deyil, başqa amillərlə müəyyənləşdiyini düşünür..."
Bir vaxtlar Avropanı birləşdirən ən böyük musiqi tədbirlərindən biri hesab olunan "Avroviziya" Mahnı Müsabiqəsi indi ciddi tənqid hədəfinə çevrilib.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri yazıb.
Məqalədə qeyd olunur ki, müsabiqə son illərdə musiqidən çox siyasi qarşıdurmalar və qalmaqallarla yadda qalır. Məqalə müəllifi Deyv Kitinq yazır ki, "Avroviziya" artıq əvvəlki sevinc və birlik atmosferini itirib. Onun fikrincə, buna həm təşkilatçıların zəif idarəçiliyi, həm də müsabiqənin getdikcə daha çox siyasiləşməsi səbəb olub.
İsrail ətrafındakı qalmaqal
Müəllif qeyd edir ki, son iki ildə ən böyük mübahisə İsrailin müsabiqədə iştirakı ətrafında yaranıb. Bu il İspaniya, İrlandiya, Sloveniya, İslandiya və Niderland etiraz olaraq "Avroviziya"dan imtina edib. Onlar Avropa Yayım Birliyinin (EBU) böhranı idarə edə bilmədiyini bildiriblər.
Məqalədə xatırladılır ki, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra EBU Rusiyanı müsabiqədən kənarlaşdırmışdı. Həmin il Ukraynanın tamaşaçı səsverməsində qələbə qazanması da geniş siyasi dəstəyin göstəricisi kimi qiymətləndirilmişdi. Müəllif hesab edir ki, İsrail ətrafındakı mübahisələrdən sonra "Pandora qutusu" artıq açılıb və müsabiqəni əvvəlki vəziyyətinə qaytarmaq çətin olacaq.
"Yumşaq güc" alətinə çevrilən müsabiqə
Nəşr yazır ki, İsrail hökuməti son illərdə "Avroviziya"nı "yumşaq güc" vasitəsi kimi istifadə etməyə çalışıb. “The New York Times”in araşdırmasına əsasən, İsrail hakimiyyəti ölkəyə siyasi dəstək məqsədilə milyonlarla dollarlıq təşviqat kampaniyası həyata keçirib.
Kampaniya çərçivəsində Nyu-Yorkun "Tayms-skver" meydanında reklam lövhələri yerləşdirilib, sosial şəbəkələrdə çağırışlar edilib və tamaşaçılar İsrailə səs verməyə təşviq olunub. İsrailin baş naziri Binyamin Netanyahu da sosial şəbəkədə paylaşım edərək tərəfdarlarını İsrail üçün maksimum sayda - 20 dəfə səs verməyə çağırıb.
Məqalədə qeyd olunur ki, nəticədə İsrail 2025-ci ildə tamaşaçı səsverməsində birinci olub. Müəllif hesab edir ki, mövcud qaydalar azsaylı, lakin motivasiyalı qrupların çoxsaylı səs verməsi ilə nəticələri ciddi şəkildə dəyişməsinə imkan yaradır.
"Avroviziya" artıq əvvəlki kimi deyil
Müəllif bildirir ki, problem boykotlarda deyil, insanların müsabiqəyə marağını itirməsindədir. Onun fikrincə, nəticələr artıq əvvəlcədən proqnozlaşdırılır və musiqi ikinci plana keçib. Məqalədə İsrailin Belçikadakı səfiri İdit Rozençveyq-Abunun "səssiz çoxluq yenidən sözünü dedi" açıqlamasına da toxunulur.
Müəllif isə hesab edir ki, bir ölkənin tərəfdarlarının koordinasiyalı şəkildə səs verməsi ümumi ictimai rəy anlamına gəlmir. Deyv Kitinq yazır ki, ABŞ-dan Avropaya köçdükdən sonra 20 il ərzində "Avroviziya" onun üçün xüsusi əhəmiyyət daşıyıb və o, müsabiqəni yeddi dəfə canlı izləyib. Lakin bu il artıq baxmaq istəmir: "Mən "Avroviziya"ya boykot elan etmirəm. Sadəcə artıq maraqlı deyil. Məncə nəticələr çoxdan musiqidən uzaqlaşıb".