ABŞ liderinin son Çin səfəri birbaşa bu dövlətlərə təsir göstərir...- KONFLİKTOLOQ
Ekskluziv
171
09:09, Bu gün

ABŞ liderinin son Çin səfəri birbaşa bu dövlətlərə təsir göstərir...- KONFLİKTOLOQ

“Tramp xətti beynəlxalq münasibətlərdə ideoloji yanaşmadan daha çox “böyük güclərin sövdələşməsi” modelinə əsaslanır. Bu modeldə demokratiya, insan haqları və beynəlxalq hüquq kimi anlayışlar ikinci plana keçir...”
 
“Bu görüşdən sonra yaranmış “yeni vəziyyətin ən ciddi təsiri isə Ukrayna məsələsində görünə bilər...”
 
“ABŞ üçün tammiqyaslı İran savaşı həm iqtisadi, həm də siyasi baxımdan olduqca ağır riskdir. Buna görə daha çox “idarə olunan gərginlik” modelinin davam etməsi ehtimalı yüksəkdir...”
 
“Ukrayna, Yaxın Şərq, Tayvan və hətta Qafqaz kimi bölgələr gələcək illərdə böyük güclərin açıq və ya gizli mübarizə meydanına çevrilə bilər...”  
 
“Donald Trampın Çin səfərinin yaratdığı siyasi vəziyyəti qiymətləndirəndə, zənnimcə, əsas məsələ təkcə ABŞ–Çin münasibətləri deyil. Ən azı, dünyanın yarısının gələcəyi burada müəyyən olunur. Söhbət artıq dünyanın hansı model üzrə idarə ediləcəyindən gedir. Ən sərt və realist baxışla desək, Tramp xətti beynəlxalq münasibətlərdə ideoloji yanaşmadan daha çox “böyük güclərin sövdələşməsi” modelinə əsaslanır. Bu modeldə demokratiya, insan haqları və beynəlxalq hüquq kimi anlayışlar ikinci plana keçir. Əsas məsələnin artıq iqtisadi və geo-siyasi maraqlardan ibarət olduğu daha da aydın görünür.”
 
Amerikada yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Əli Əskərli bu mülahizələri Moderator.az-a açıqlamasında “Trampın Çin səfərinin nəticələrini Ukrayna, İran savaşı və ümumiyyətlə dünya üçün necə dəyərləndirirsiniz?” sualını cavablandırarkən  ifadə edib.
 
“Trampın Çin səfərini uğurlu hesab etmək üçün əlimizdə çox dəlil yoxdur. Çin özünü artıq bir qədər də super-güc kimi apardı. Çinin siyasi lideri ABŞ ilə Çinin sürətlə bir qarşıdurmaya doğru getdiyini ima etdi və bunun nəticələrinin ağır ola biləcəyini bildirdi. Bu sözlərlə o, Çinin artıq Amerika səviyyəsində bir gücə çevrildiyini göstərməyə çalışdı. O həm də Trampı Tayvan məsələsində ehtiyatlı olmağa çağırdı. Çin lideri ABŞ ilə Çinin əməkdaşlıq etməsi halında həm onların, həm də bütün dünyanın bundan qazanc əldə edəcəyini söylədi. Bu, nəzəri baxımdan mümkün olsa da, olduqca qeyri-real yanaşmadır. Yəqin ki, Şi Cinpin bunları həm etik, həm də siyasi məqsədlərlə dedi. Onun əsas mesajı Çinin artıq super-güc statusuna çatması idi”, -deyə davamında siyasətşünas alim bildirib.
 
Konfliktoloq hesab edir ki, ABŞ və Çin liderlərinin son görüşlərindən sonra yaranmış “yeni vəziyyətin ən ciddi təsiri isə Ukrayna məsələsində görünə bilər”: 
 
“Tramp üçün prioritet əsla Ukraynanın qələbəsi deyil. Onu düşündürən əsas məsələ ABŞ-ın bu müharibəyə sərf etdiyi resursların miqdarıdır. Bu baxımdan o, uzunmüddətli müharibədən daha çox sürətli razılaşma modelinə üstünlük verə bilər. Bu isə praktik olaraq Ukraynanın müəyyən ərazi güzəştlərinə məcbur edilməsi və müharibənin “dondurulmuş konflikt” formasında saxlanılması demək ola bilər. Belə bir ssenari isə Vladimir Putin üçün ciddi strateji üstünlük yaradar. Çünki Rusiya vaxt qazanmış olar və Qərbin birlik görüntüsü zəifləyər. Ukrayna isə artıq öz potensialına daha çox arxalanmalıdır. Ukrayna hökuməti bir çox həyati məsələlərin həllində gec qalmışdır, amma yenə də böyük ehtimalla ABŞ-a tam arxalanmadan mübarizəsini davam etdirə bilmək üçün yeni yollar axtaracaqdır...”
 
Sülh fəalının sözlərinə görə,  İran məsələsində vəziyyət daha mürəkkəbdir. 
 
“Tramp siyasəti adətən iki ifrat arasında dəyişir: ya maksimum iqtisadi və siyasi təzyiq, ya da qəfil və böyük sövdələşmə cəhdi. Əgər ABŞ Çinlə münasibətlərdə müəyyən sabitlik yarada bilsə, Vaşinqton diqqətini daha çox Yaxın Şərqə yönəldə bilər. Bu isə İran ətrafında gərginliyin artması, yeni sanksiyalar, regional toqquşmalar və hətta məhdud hərbi əməliyyat ehtimalını gücləndirə bilər. Amma yenə də düşünürəm ki, ABŞ üçün tammiqyaslı İran savaşı həm iqtisadi, həm də siyasi baxımdan olduqca ağır riskdir. Buna görə daha çox “idarə olunan gərginlik” modelinin davam etməsi ehtimalı yüksəkdir”, - həmsöhbətimiz belə deyib.
 
Konfliktoloq Trampın Çin səfərinin birbaşa təsir göstərdiyi dövlətlərdən də bəhs edib:
 
“Bunlardan biri Yaponiya, digəri isə Tayvandır. Tayvan üçün vəziyyət xüsusilə acınacaqlıdır. Çin Tayvanı yaxın gələcəkdə öz nəzarətinə almaq istəyir. Bunun qarşısındakı ən böyük maneə onilliklər boyu ABŞ olmuşdur. Lakin indi ABŞ-ın əvvəlki nüfuzu zəifləməkdədir və Vaşinqton Tayvanın təhlükəsizliyinə əvvəlki həssas münasibəti göstərmir. Yaxın gələcəkdə Çin Tayvanı ilhaq etməyə çalışarsa, üçüncü dövlətlər tərəfindən ciddi müqavimətlə qarşılaşacağına inanmaq çətindir. Ən azı bunu demək olar ki, Tramp Tayvanın təhlükəsizliyi ilə bağlı götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Tayvandan başqa, Cənubi Koreya və Yaponiya da bu narahatlıq dairəsinə daxildir...”
 
"Ümumilikdə isə dünya yeni mərhələyə keçir. Əvvəllər ABŞ rəhbərliyində “qlobal liberal nizam” anlayışı dominant idi. İndi isə daha sərt güc balansı siyasəti ön plana çıxır. Bu sistemdə beynəlxalq hüquqdan çox hərbi, iqtisadi və texnoloji güc müəyyənedici amilə çevrilir. Kiçik və orta dövlətlər üçün isə bu daha təhlükəli mühit yaradır. Çünki böyük güclər arasındakı razılaşmalar çox vaxt məhz onların maraqları hesabına formalaşır.
 
Ən radikal nəticə isə budur ki, dünya artıq uzun müddətdir sabitlik dövründə deyil, davamlı geo-siyasi rəqabət və regional konfliktlər dönəmində yaşayır. Ukrayna, Yaxın Şərq, Tayvan və hətta Qafqaz kimi bölgələr gələcək illərdə böyük güclərin açıq və ya gizli mübarizə meydanına çevrilə bilər. Bu isə beynəlxalq münasibətləri daha sərt, daha qeyri-sabit və daha təhlükəli hala gətirir”, - deyə Əli Əskərli vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər