Elektrik okeanın dibində saxlanılacaq: Sakit okeanda dünyanın ilk sualtı SES-i qurulur -
Ekskluziv
129
15:18, Bu gün

Elektrik okeanın dibində saxlanılacaq: Sakit okeanda dünyanın ilk sualtı SES-i qurulur - "Daily Galaxy"

 
Alman alimlərinin hazırladığı layihədə beton kürələr enerji toplamaq üçün nəhəng batareya kimi işləyəcək...
 
Sakit okeanın dibində, Los-Anceles sahilləri yaxınlığında dünyanın ilk eksperimental sualtı hidroakkumulyasiya elektrik stansiyası qurulur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri yazıb.
 
Layihə Almaniyanın Fraunhofer adına Enerji İqtisadiyyatı və Enerji Sistemləri İnstitutu tərəfindən hazırlanıb. "StEnSea" (Stored Energy in the Sea) adlanan sistemin ilk sınaqlarının 2026-cı ilin sonunda keçirilməsi planlaşdırılır.
 
Okeanın dibində enerji anbarı
 
Layihəyə əsasən, təxminən 500-600 metr dərinlikdə içi boş, kiçik ev ölçüsündə beton kürələr yerləşdiriləcək. Sistem hidroakkumulyasiya prinsipilə işləyir: enerji şəbəkəsinə elektrik lazım olduqda klapan açılır, okean suyu yüksək təzyiqlə kürənin içinə dolur və turbinləri hərəkətə gətirərək elektrik istehsal edir.
 
Elektrik enerjisinin artıq olduğu vaxt isə proses əksinə işləyir - su yenidən kürədən xaricə vurulur və beləliklə enerji "ehtiyatda saxlanılır". Alimlərin hesablamalarına görə, bu texnologiya dünyada uyğun sahillərdə tətbiq olunarsa, ümumi enerji saxlama gücü 817 min giqavat-saata çata bilər. Müqayisə üçün qeyd olunur ki, Almaniyadakı bütün quru hidroakkumulyasiya elektrik stansiyalarının ümumi tutumu 40 giqavat-saatdan azdır.
 
İlk sınaqlar ümid verib
 
Fraunhofer İnstitutu konsepsiyanı daha əvvəl Almaniya-Avstriya-İsveçrə sərhədində yerləşən Boden gölündə üç metrlik sfera ilə sınaqdan keçirib. Kiçik eksperiment sistemin işlədiyini təsdiqləyib. İndi isə alimlər açıq okeanda, böyük dərinlikdə və uzunmüddətli istismar şəraitində texnologiyanın necə davranacağını yoxlamağa hazırlaşırlar.
 
Mütəxəssislərin sözlərinə görə, sistemin əsas üstünlüklərindən biri təbii relyefə az bağlı olmasıdır. Ənənəvi hidroakkumulyasiya stansiyalarında su yüksəkliyə vurulur, sonra aşağı axaraq enerji yaradır. Yeni layihədə isə "dağ" rolunu okeanın təzyiqi oynayır.
 
Layihənin rəhbərlərindən biri Bernhard Ernst bildirib ki, klassik hidroakkumulyasiya stansiyaları üçün uyğun ərazilər dünyada çox azdır. Buna görə alimlər sistemi okeanın dibinə köçürərək həm təbii, həm də ekoloji məhdudiyyətləri azaltmağa çalışırlar.
 
Norveç, Yaponiya və ABŞ sahilləri əsas namizədlər arasındadır
 
Mühəndislər ən uyğun dərinliyin 600-800 metr olduğunu bildirirlər. Bu səviyyədə təzyiq kifayət qədər yüksəkdir və adi konstruksiya betonu belə bu şəraitə tab gətirə bilir. GİS texnologiyası ilə aparılan araşdırmalar nəticəsində Norveç, Portuqaliya, Braziliya, Yaponiya və ABŞ sahilləri perspektivli bölgələr kimi müəyyənləşdirilib. Bundan əlavə, su altında qalmış köhnə karxanalar və dərin göllər də gələcəkdə bu texnologiyanın tətbiq oluna biləcəyi yerlər hesab olunur.
 
Məqalədə qeyd edilir ki, oxşar layihələr başqa ölkələrdə də gündəmə gəlir. Məsələn, Ukraynada Kaniv hidroakkumulyasiya elektrik stansiyasının yeraltı formada tikilməsi planlaşdırılır. Məqsəd onu mümkün hücumlardan qorumaqdır. Çin isə paralel olaraq Tibet yaylasında, dəniz səviyyəsindən 3 min metr yüksəklikdə iri günəş elektrik stansiyaları şəbəkəsi qurur. Burada əsas üstünlük güclü günəş işığı və aşağı temperatur hesab olunur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər