20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı
Sağlamlıq
206
17:29, Bu gün

20-ci əsrdən bəri unudulan xəstəlik qayıtdı

Avstraliya hakimiyyəti ölkənin bir neçə ştat və ərazisində sürətlə yayılan difteriya xəstəliyi ilə bağlı ciddi narahatlıq ifadə edib. Şimal Ərazisində son 10 ildə ilk dəfə difteriya ilə əlaqəli ölüm halı qeydə alınıb.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, son illərin ən böyük epidemiyalarından biri hesab olunan xəstəlik artıq Şimal Ərazisindən Qərbi Avstraliya, Kvinslend və Cənubi Avstraliyaya yayılıb.
 
Milli Yoluxucu Xəstəliklərə Nəzarət Sisteminin məlumatına görə, epidemiyanın başlanmasından bəri Şimal Ərazisində 133 nəfərdə difteriya aşkarlanıb. Qərbi Avstraliyada 79, Cənubi Avstraliyada 6, Kvinslenddə isə 5 yoluxma halı qeydə alınıb.
 
Avstraliyanın səhiyyə naziri Mark Butler vəziyyətin xüsusilə Şimal Ərazisində ciddi olduğunu bildirib. Onun sözlərinə görə, xəstəlik ucqar bölgələrdə və yerli aborigen əhali arasında yayılmaqda davam edir.
 
Federal səhiyyə qurumları Şimal Ərazisinin hökuməti və aborigen səhiyyə təşkilatları ilə birlikdə əhali arasında vaksinasiya və revaksinasiya kampaniyasını gücləndirib.
 
Nazir qeyd edib ki, Alice Springs şəhərindəki tibb xidmətləri epidemiyanın inkişafından ciddi şəkildə narahatdır və peyvəndlənmə səviyyəsini artırmaq üçün fəal iş aparır.
 
“Böyüklərin, ehtimal ki, hər beş ildən bir gücləndirici peyvənd vurdurmasına ehtiyac var”, – deyə Mark Batler bildirib.
 
Difteriya burun və boğazı zədələyən bakterial infeksiyadır. Xəstəlik nəfəsalma çətinliyi, qızdırma, limfa düyünlərinin şişməsi və boğazda qalın boz təbəqənin yaranması ilə müşayiət oluna bilər. Xəstəliyin dəri forması isə ağrılı yaralar və iltihab yaradır.
 
Mütəxəssislər bildirirlər ki, difteriya müalicə oluna bilsə də, vaxtında peyvənd və revaksinasiya olunmayan şəxslərdə ürək və sinir sistemi zədələnmələri, eləcə də ölüm riski artır.
 
Central Australian Aboriginal Congress təşkilatının baş həkimi John Boffa hər həftə 15-20 yeni yoluxma halının qeydə alındığını, lakin genişləndirilmiş test və vaksinasiya tədbirləri sayəsində yayılma tempinin tədricən azalmağa başladığını bildirib.
 
O vurğulayıb ki, revaksinasiya olunmayan hər kəs risk altındadır. “Hansı bölgədə yaşamağınızdan asılı olmayaraq risk mövcuddur və siz gücləndirici peyvənd etdirməlisiniz”, – deyə doktor Boffa qeyd edib.
 
Həkim həmçinin boğaz ağrısı və ya dəri zədələri olan şəxsləri dərhal tibbi yardıma müraciət etməyə və müayinədən keçməyə çağırıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər