“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram” – Hicran Nəsirova
Mədəniyyət
116
16:14, Bu gün

“Ciddi xəstəliyim var, canımla əlləşirəm, dünəndən ağlayıram” – Hicran Nəsirova

“Bir az narahatlığım var. Canımla əlləşirəm. Yəqin ki, bu da keçəcək”.
 
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Əməkdar artist Hicran Hüseynova deyib.
 
O bildirib ki, səhhətində yaranmış problemə görə teatr səhnəsinə çıxa bilmir:
 
“Hələ tamaşalarda oynaya bilmirəm. Xəstəliyim ciddidir və səhhətim buna yol vermir. Mən 3 ildir ki, ciddi müalicə alıram. Arada müalicələr müsbət reaksiya vermədi deyə pisləşdim, indi bir az düzəlmişəm. Yaxın günlərdə qan analizləri verəcəyəm, ondan sonra hər şey bilinəcək. Şüa müalicəsi alıram”.
 
Aktrisanın sözlərinə görə, xəstəlik 26 il bundan öncə yaranıb:
 
“23 il idi ki, yaxşı idim. Üç il bundan öncə yenə xəstəliyim baş qaldırdı. Mən üç ildir ki, canımla əlləşirəm. Xəstəxana -ev yolunda qalmışam. Ailəm mənə dəstək olur. Onlara baxıb güc toplayıram ki, ayaq üstdə qalım. Həyat mübarizədir, nə olsa da sınmamalısan. Gərək yaxşını fikirləşəsən ki, yaxşı olasan. Mən Moskvada komaya düşmüşdüm. Dilim söz tutmurdu, əlimlə işarə edirdim. Heç halım yox idi, ancaq reaksiya verirdim. Hələ o zaman həkim dedi ki, bu güclü qadındır, xəstəliyə qalib gələcək. İnşallah bu bəladan da qurtararam. Həkimlərin dediyi şeylərin hamısını edirəm. Bundan da pis günlər görmüşəm, amma ayağa qalxmışam”.
 
Sənətçi bildirib ki, xəstəliyi ilə bağlı xeyli pul xərcləməli olur:
 
“Müalicə həddindən artıq pul aparır. Bir aparatın qiyməti 1500 manat olanda özünüz təxmin edin ki, vəziyyət necə olar. Dərmanımın biri 1400 manat edirdi. Əlbəttə çətindir. Prezident təqaüdü alacağımı eşidəndə elə sevindim ki. Mən heç vaxt heç kimdən asılı olmamışam. Doğrudur, övladlarım kömək edir. Ancaq hərəsinin öz ailəsi var, niyə mənim dərdimi çəksinlər ki. Onlara möhtac olmaq istəmirdim. O xərci övladlarına çəksinlər. Bu təqaüd xəbərini eşidəndən gözüm dolub boşalır. Prezidentə təşəkkür edirəm. Mən 2000-ci ildə də xəstələnəndə də ulu öndər Heydər Əliyev mənə maddi və mənəvi baxımdan dəstək oldu”.
 
Qeyd edək ki, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Hicran Nəsirovaya Azərbaycan Prezidentinin fərdi təqaüdü veriləcək.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər