İtaliyanın "Ferrari" komandası "Formulф-1" tarixində pilotların maaşları üçün illik büdcəsi 100 milyon avronu ötən ilk komanda olub.
Moderator.az-ın məlumatına görə, bu barədə Niderlandın "RacingNews365" nəşri xəbər verir.
Şarl Leklerlə müqavilənin müddətinin uzadılması (sazişin müddəti dəqiqləşdirilmir) bu məsələdə həlledici amil olub. "Ferrari" maliyyə təfərrüatını rəsmi olaraq açıqlamır. Lakin nəşrin əldə etdiyi məlumata görə, Lekler əvvəlki müqaviləsinə əsasən, 34 milyon avro alırdısa, yeni sazişlə onun illik maaşı 50 milyon avroya qədər yüksələcək.
Lekler və yeddiqat dünya çempionu Lyuis Hemiltona (60 milyon avro) edilən ümumi ödənişlərin məbləği isə 100 milyon avronu ötüb.
Müqayisə üçün qeyd edək ki, qeyri-rəsmi reytinqdə ikinci yeri pilotlarının ümumi maaş xərcləri 75 milyon avro qiymətləndirilən "Red Bull Racing" tutur. Bununla bərabər, həmin məbləğin böyük hissəsi - 70 milyon avrosu - üçqat dünya çempionu Maks Ferstappenin payına düşür.