Azərbaycanlı kinorejissor Səidə Haqverdiyeva bir neçə gün əvvəl Türkiyənin paytaxtı Ankarada keçirilən nüfuzlu “Gümüş Karyera Ödülləri” beynəlxalq mükafatlandırma mərasimində “Köhnə çamadanlar” filminə görə “Gümüş Karyera” mükafatına layiq görülüb.
Bu və digər məsələlərlə bağlı kinorejissor Səidə Haqverdiyeva Musavat.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
-Bundan əvvəl Azərbaycan filmlərindən hər hansı biri “Gümüş Karyera” mükafatına layiq görülmüşdümü, yoxsa bu, ilk belə uğurdur?
-Bildiyiniz kimi, “Köhnə çamadanlar” filmi Türkiyənin Ankara şəhərində məhz Zəfər Günü ilə bağlı nümayişi olmuşdu. Həmin vaxt Türkiyənin yerli telekanallarında, qəzetlərində və digər media orqanlarında filmlə bağlı geniş məlumatlar yayılmışdı. İki il əvvəl baş tutan həmin nümayişdən sonra bu il mükafata layiq görülmək mənim üçün həm gözlənilməz, həm də çox sevindirici oldu.
Bu mükafatı almaq təkcə filmin yaradıcı heyəti üçün deyil, ümumilikdə Azərbaycan kinosu adına da sevindirici hadisədir. Xaricdə əldə olunan hər bir uğur ölkəmizin mədəniyyətinin və kino sənətinin tanınmasına xidmət edir. Xüsusilə də müstəqil şəkildə ərsəyə gələn filmlərin beynəlxalq platformalarda diqqət çəkməsi və dəyərləndirilməsi gələcək layihələr üçün də mühüm stimul yaradır.
-Azərbaycan Kino Agentliyinin direktoru Rəşad Əzizov açıqlamalarının birində bildirmişdi ki, bu il 10-a yaxın tammetrajlı bədii filmin təqdimatı nəzərdə tutulur. Artıq onların bir neçəsi tamaşaçılara təqdim olunub. Sizcə, bu prosesi milli kinomuzun dirçəlişi kimi qiymətləndirmək olarmı? Azərbaycan kinosunda yeni inkişaf mərhələsinin başladığını söyləmək mümkündürmü?
-Son illər film istehsalının artması, şübhəsiz ki, müsbət tendensiyadır. Amma dirçəlişi yalnız filmlərin sayı ilə ölçmək doğru olmazdı. Əsas məsələ filmlərin keyfiyyəti, mövzu müxtəlifliyi, tamaşaçı ilə əlaqəsi və beynəlxalq uğurlarıdır. Bununla belə, yeni adların meydana çıxması, müxtəlif janrlarda işlərin görülməsi və dövlət dəstəyinin genişlənməsi nikbinlik yaradır. Mən düşünürəm ki, hazırda Azərbaycan kinosu yeni mərhələyə keçid dövrünü yaşayır və bunun nəticələrini yaxın illərdə daha aydın görəcəyik.

-“Qırxdan sonra” bədii filmi, bildiyim qədərilə, cəmi bir gün ərzində çəkilərək başa çatdırılıb. Bu fakt göstərirmi ki, az maliyyə və qısa zaman çərçivəsində də keyfiyyətli film ərsəyə gətirmək mümkündür? Yoxsa belə layihələr daha çox istisna xarakteri daşıyır?
-"Qırxdan sonra" filminin yaranma tarixçəsi özü də maraqlı bir hekayədir. Filmin ideyası kino tənqidçisi Sevda Sultanova tərəfindən ortaya atılmışdı. Bu ideyanın yaranmasına isə aktrisa Zümrüd Qasımovanın bir duruşu, yaratdığı təəssürat səbəb olmuşdu. Hazırlıq prosesimiz cəmi bir gün çəkdi, növbəti gün isə çəkilişlərə başladıq.
Filmdə Gülçöhrə xanımla Zümrüd xanım arasında elə gözəl yaradıcı uyğunluq yarandı ki, çəkiliş prosesi çox rahat və məhsuldar keçdi. Nəticədə filmi təxminən altı saata tamamladıq. Bu, əlbəttə ki, nadir hallarda rast gəlinən bir təcrübədir.
Amma məncə, bu fakt onu göstərir ki, kino yalnız böyük büdcə ilə ölçülmür. Güclü ideya, peşəkar komanda, istedadlı aktyorlar və düzgün təşkil olunmuş hazırlıq prosesi olduqda qısa müddətdə də keyfiyyətli iş ortaya qoymaq mümkündür. Əlbəttə, hər filmin öz tələbləri və miqyası var. Bəzi layihələr aylarla, hətta illərlə hazırlıq tələb edir. Lakin "Qırxdan sonra" sübut etdi ki, səmimi hekayə və yaradıcı enerji bəzən zaman və büdcə məhdudiyyətlərini üstələyə bilir.
-Son illər kino cameəsində müxtəlif qalmaqalların, intriqaların və fikir ayrılıqlarının şahidi oluruq. Siz uzun illərdir bu sahədəsiniz. Bu cür proseslər hər zaman mövcud olub, sadəcə indi daha çox görünür, yoxsa yeni dövrdə bu vəziyyəti yaradan əlavə amillər meydana çıxıb?
-Yaradıcılıq mühitində fikir ayrılıqları həmişə olub və olacaq. Bu, təkcə Azərbaycana aid deyil. Sadəcə əvvəllər bu müzakirələr daha qapalı çevrələrdə qalırdı. Sosial şəbəkələrin inkişafı ilə hər fikir, hər narazılıq dərhal ictimailəşir və daha çox görünür. Mən hesab edirəm ki, əsas diqqət mübahisələrə deyil, yaradıcı prosesə və ortaya çıxan işlərə yönəlməlidir. Kino rəqabət tələb edir, amma bu rəqabət sağlam və peşəkar müstəvidə olmalıdır.

-Sizcə, Azərbaycan kinosu Qarabağ müharibəsi mövzusunu kifayət qədər dolğun və sanballı şəkildə ekrana gətirə bilibmi? Bu mövzuda çəkilən filmlər həm tarixi həqiqətləri, həm də müharibənin insan talelərinə təsirini lazımi səviyyədə əks etdirirmi?
-Qarabağ mövzusu Azərbaycan üçün sadəcə tarixi hadisə deyil, həm də milli yaddaşdır. Bu istiqamətdə maraqlı və dəyərli işlər çəkilib. Lakin düşünürəm ki, hələ deyilməmiş çox hekayələr var. Müharibənin təkcə döyüş səhnələri deyil, insan talelərinə, ailələrə, qadınlara, uşaqlara və bütöv bir nəslin həyatına təsiri də kino dili ilə daha geniş işlənməlidir. Qarabağ mövzusu gələcək illərdə də Azərbaycan kinosunun əsas istiqamətlərindən biri olaraq qalacaq.
-Tez-tez belə bir sual səslənir ki, niyə Azərbaycan filmləri “Oskar” kimi nüfuzlu beynəlxalq kino mükafatlarında uğur qazana bilmir? Bəzən ölkəmizdən müəyyən filmlərin bu yarışa göndərildiyini görürük, lakin onlar beynəlxalq rəqabətdə ciddi nəticə əldə edə bilmirlər. Sizcə, bunun əsas səbəbləri nələrdir? Problem filmlərin keyfiyyətindədir, yoxsa təqdimat, tanıtım və beynəlxalq kino bazarına çıxış imkanlarında?
-Bu məsələyə yalnız filmin keyfiyyəti prizmasından yanaşmaq düzgün olmazdı. Beynəlxalq kino mükafatlarında uğur qazanmaq üçün güclü film vacib şərtdir, amma tək şərt deyil. Bunun üçün festival strategiyası, beynəlxalq distribusiya, peşəkar PR kampaniyası, xarici bazarlarda tanıtım və əlaqələr də mühüm rol oynayır. Dünyada çox yaxşı filmlər var ki, lazımi təqdimat olmadığı üçün diqqətdən kənarda qalırlar. Azərbaycan kinosunun potensialı var. Hesab edirəm ki, keyfiyyətli filmlərlə yanaşı, onların dünya auditoriyasına düzgün təqdimatı istiqamətində də daha sistemli iş aparılmalıdır.