İrəvan üzərində böyük oyun: Qərb-Rusiya rəqabəti necə nəticələnəcək? - ŞƏRH
125
15:34, Bu gün

İrəvan üzərində böyük oyun: Qərb-Rusiya rəqabəti necə nəticələnəcək? - ŞƏRH

Ermənistanda növbəti parlament seçkisinə hazırlıq fonunda ölkənin daxili siyasi prosesləri yenidən beynəlxalq güclərin maraq dairəsinə çevrilib. İyunun 7-də keçiriləcək seçki yaxınlaşdıqca, Ermənistanda siyasi mübarizənin təkcə yerli aktorlar arasında deyil, həm də Qərb və Rusiya arasında geosiyasi rəqabətin tərkib hissəsi kimi dəyərləndirilməsi barədə fikirlər güclənir.

Son illərdə rəsmi İrəvanın Avropa İttifaqı (Aİ) və Qərb institutları ilə əlaqələrini genişləndirməyə çalışması, eyni zamanda Rusiyanın regiondakı təsir imkanlarını qorumaq istiqamətində addımlar atması Ermənistanı böyük güclərin maraqlarının kəsişdiyi məkanlardan birinə çevirib. Bu şəraitdə ölkənin siyasi gündəminin hansı dərəcədə daxili siyasi proseslər, hansı dərəcədə isə xarici təsirlər nəticəsində formalaşdığı ətrafında müzakirələr intensivləşib.

Ermənistanın siyasi səhnəsində fəaliyyət göstərən əsas qüvvələr daha çox Qərbyönlü və Rusiyayönlü xətt üzrə qütbləşib, müstəqil siyasi platformaların təsir imkanları isə məhdud olaraq qalır. Bu mənzərə fonunda seçki kampaniyası təkcə hakimiyyət və müxalifət arasında mübarizə deyil, həm də regionda nüfuz uğrunda davam edən geosiyasi qarşıdurmanın növbəti mərhələsidir.

Bəs Ermənistanın Qərblə Rusiya arasında geosiyasi rəqabətin əsas meydanlarından birinə çevrilməsi, xüsusən də seçkidən sonra hansı addımlarla yadda qala bilər? Xarici güclərin ölkədaxili siyasi proseslərə təsiri hansı səviyyədədir və bu proseslər Cənubi Qafqazın təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Oxu.az-a danışan italiyalı siyasi şərhçi Karlo Marino bildirib ki, hər hansı həll yollarından danışmazdan əvvəl qeyd etmək vacibdir ki, Ermənistanın geosiyasi rəqabət meydanına çevrilməsi təsadüfi proses deyil:

"Bu vəziyyət 2020-ci ildə Qarabağ müharibəsindən sonra baş verən üç əsas dəyişikliklə bağlıdır. Birincisi, Rusiyanın geri çəkilməsi və ya təsir imkanlarının zəifləməsidir. Xüsusən də 2023-cü ildə Azərbaycanın Qarabağ üzərində tam nəzarəti bərpa etməsi Ermənistan-Rusiya müttəfiqliyinin əsasını təşkil edən təhlükəsizlik modelinə ciddi zərbə vurdu. İkinci məsələ isə Qərbin yaranmış boşluğu doldurmağa çalışmasıdır. Avropa İttifaqı (Aİ) Avropa Siyasi Birliyi platforması və Ermənistandakı müşahidə missiyası vasitəsilə, ABŞ isə strateji dialoq, maliyyə yardımları və hərbi əməkdaşlıq proqramları ilə Ermənistana daha fəal dəstək göstərməyə başlayıb. Bu dəstək həm siyasi, həm təhlükəsizlik, həm də iqtisadi sahələri əhatə edir. Üçüncü məsələ isə daxili siyasi kursun dəyişməsidir. Baş nazir Nikol Paşinyan təhlükəsizlik sahəsindəki uğursuzluqlara görə Rusiyanı məsul tutaraq faktiki olaraq Qərbə inteqrasiya istiqamətində siyasət yürütməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətin dondurulması da bu kursun göstəriciləri hesab olunur. Bu səbəbdən iyunun 7-də keçiriləcək seçki Moskvada və Qərb ölkələrinin paytaxtlarında fərqli qəbul edilir.

Ermənistan uzunmüddətli perspektivdə Qərb-Rusiya qarşıdurmasının ön cəbhəsinə çevrilməməsi üçün praqmatik xarici siyasət strategiyasından istifadə etməlidir. Coğrafi mövqeyi və tarixi reallıqları nəzərə alındıqda, bu ölkənin tam şəkildə geosiyasi rəqabətdən kənarda qalması mümkün görünmür. Lakin ölkə müəyyən addımlar vasitəsilə bu rəqabətin təsirlərini azalda bilər. Bunlara beynəlxalq və çoxtərəfli mexanizmlər vasitəsilə neytral mövqenin gücləndirilməsi, xarici maliyyə və siyasi təsirlərin şəffaf şəkildə idarə olunması, iqtisadi şaxələndirmə siyasətinin hərbi-siyasi bloklaşmadan ayrılması daxildir. Bu baxımdan, iyunun 7-də keçiriləcək seçki mühüm sınaq olacaq. Əgər seçkinin nəticələri legitim hesab edilər, ciddi saxtakarlıq və zorakılıq halları baş verməz və həm Moskva, həm də Brüssel nəticələri dolayısı ilə qəbul edərsə, Ermənistan geosiyasi mövqeyini idarə etməyə doğru ilk mühüm addımı atmış olacaq. Əks halda, Cənubi Qafqaz yeni bir geosiyasi rəqabət mərhələsinə daxil ola və Ermənistan bu qarşıdurmanın əsas meydanına çevrilə bilər", - deyə ekspert vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər