121
16:04, Bu gün

"İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı İLGİNC İDDİA

Son günlər Azərbaycanda və dünyada yağan güclü yağıntılardan sonra yağışların müxtəlif mərkəzlər tərəfindən idarə olunduğu iddiası ortaya çıxıb. Xarici media yazır ki, İran və ABŞ-İsrail müharibəsindən sonra iqlimdə ciddi dəyişikliklər baş verib. Bildirilir ki, İslam Respublikası İsrailin iqlim idarəetmə mərkəzlərini sıradan çıxarıb. Bundan sonra isə dünyada yağıntılar ciddi şəkildə artıb. Ekspertlər ABŞ-Vyetnam müharibəsində ABŞ-nin həyata keçirdiyi "Operation Popeye" əməliyyatını nümunə göstərərək qeyd edirlər ki, burada əsas məqsəd hava şəraitini süni şəkildə dəyişdirərək düşmənin hərbi-logistika yollarını yararsız hala salmaq idi.

Əməliyyatın mərkəzində "cloud seeding" texnologiyası dayanırdı. ABŞ hərbi təyyarələri buludlara əsasən gümüş yodid (silver iodide) hissəcikləri səpirdi. Bu maddələr bulud daxilində su damcılarının formalaşmasını sürətləndirərək yağış ehtimalını artırırdı. Məqsəd təbii musson yağışlarını daha uzun və daha intensiv etmək olub.

İddia olunur ki, indi də digər texnoloji vasitələrlə müəyyən ərazilərə yağışların yağmasının qarşısı alınır.

Görəsən, burada həqiqət payı nə qədərdir?

Məsələ ilə bağlı Oxu.az-a danışan ekoloq Sadiq Həsənov bildirib ki, süni yağış yağdırma texnologiyası illərdir mövcuddur.

O vurğulayıb ki, lakin yağışların qarşısını almaq ağlabatan deyil:

"Süni yağış yağdırılması ilə bağlı məsələ 30 ildən çoxdur ki, aktualdır. Səudiyyə Ərəbistanı sözügedən istiqamətdə milyardlarla dollar vəsait xərcləyib. Onlar istəyirdilər ki, səhralıq əraziləri yaşıllaşdırsınlar. Bu, praktik olaraq mümkündür və müəyyən nəticələri də var idi. Bir neçə il əvvəl quraqlıqlar zamanı bu praktikanın Azərbaycanda da tətbiq olunması müzakirə mövzusu idi. Belə ki, müəyyən duzları buludların üzərinə səpməklə onları bir yerə toplayıb yağış yağdırılır. Ancaq buludları idarə edib onların qarşısını almaq ağlabatan deyil. Hazırda belə texnologiya hazırlanmayıb və hansısa ölkələrin buna investisiya yatırması inandırıcı görünmür. Qurğuların məhv edilməsi ilə yağışların yağmasını əlaqələndirməyin elmi əsası yoxdur. Bu, elmdənkənar yanaşmadır. Yağışların yağması iqlim dəyişikliyi ilə bağlıdır. Ötən il də bu kimi hadisələr baş verib. Bir çox dövlətlər, o cümlədən Azərbaycan sel sularından əziyyət çəkib. 2025-ci ilin statistikasına baxdıqda görürük ki, daşqınların sayı orta hesabla 15-dən 80-dək artıb. Temperatur 1.5-2 dərəcəyədək yüksəlib. Bu, 1990-cı illə müqayisədə ciddi göstəricidir. Qısası, bu iddiaların doğruluq payı yoxdur və baş verənlər sadəcə iqlim dəyişikliklərinin təzahürüdür".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər