Bizi sosial şəbəkələrdən izləyin:
Mayın 12-də Ankara şəhərində Azərbaycanın Xarici İşlər Nazirliyi və Türkiyənin Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri və Xaricdə yaşayan Vətəndaşlar Baş idarəsinin rəisi Gülsun Erkul rəhbərlik edib.
Məsləhətləşmələrin birinci hissəsində iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi, ədliyyə (o cümlədən hüquqi yardım), əmək və sosial müdafiə sahələrində münasibətlərin genişləndirilməsi mövzularında fikir mübadiləsi aparılıb.
Məsləhətləşmələrin ikinci hissəsinə Türkiyə nümayəndə heyətinə Türkiyənin Xarici İşlər Nazirliyinin Miqrasiya siyasəti və Viza məsələləri baş idarəsinin rəisi səfir Esin Çakıl rəhbərlik edib. Danışıqların ikinci hissəsində konsulluq sahəsində həyata keçirilmiş son yeniliklərlə yanaşı, miqrasiya və viza siyasəti barədə təcrübə mübadiləsi həyata keçirilib, miqrasiya sahəsində yaranmış mövzular üzrə müzakirələr aparılıb, 2024-cü ildə Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan tərəfindən tətbiq olunan viza və miqrasiya qaydaları barədə Türkiyə tərəfinə məlumat verilib.
Məsləhətləşmələrdən sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Miqrasiya İdarəsinə (Köç idarəsi) nəzakət səfəri edib. Nümayəndə heyəti Miqrasiya idarəsinin Əcnəbilərlə iş Baş idarəsinin rəisi Fatih Ayna ilə görüş keçirib, hazırda Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarımızla bağlı həyata keçirdiyimiz müxtəlif layihələrdə göstərdikləri dəstəyə görə qarşı tərəfə təşəkkür edilib, o cümlədən əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşlərdə həmçinin Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Baş Prokurorluğunun, Türkiyə tərəfindən isə Türkiyənin Ədliyyə, Daxili İşlər və digər aidiyyəti qurumlarının əməkdaşları iştirak edib.