Geoloqlardan sensasion açıqlama:
127
08:45, Bu gün

Geoloqlardan sensasion açıqlama: "Afrika qitəsi ikiyə bölünə bilər" - FOTO

Beynəlxalq geoloqlar qrupu Zambiyada yerləşən Kafue rift dərəsindəki geotermal mənbələrdən götürülən qaz nümunələrini təhlil edərək, Şərqi Afrika ərazisində daha bir çatın formalaşmasına dair sübutlar tapıblar.
 
Bu barədə "Frontiers in Earth Science" elmi jurnalında dərc olunan məqalədə bildirilib.
 
Tədqiqatçılar qeyd edirlər ki, bu proses yeni bir litosfer tavasının yaranması ilə nəticələnə bilər.
 
"Bu kəşfin təkcə geoloji və tektonik deyil, həm də iqtisadi əhəmiyyəti var. Çatın formalaşması asan əldə edilən geotermal enerji mənbələrinin yaranmasına, həmçinin hidrogen və helium hasilatı sənayesinin inkişafına şərait yaradacaq", - deyə məqalədə vurğulanır.
 
Böyük Britaniya, Kanada, Zambiya və Fransadan olan mütəxəssislər Oksford Universitetinin professoru Maykl Delinin rəhbərliyi altında Zambiyanın mərkəzi bölgələrindəki Kafue rift dərəsini tədqiq ediblər. Mərkəzi Afrika platosunda yerləşən bu dərə əvvəllər demək olar ki, öyrənilməmiş çoxlu sayda geotermal mənbələrlə zəngindir. Alimlər kvadrupol kütlə-spektrometrləri vasitəsilə səkkiz qaynar bulaqdan alınan maye nümunələrini hərtərəfli analiz ediblər. Bu təcrübə sulardakı qazların konsentrasiyasını və elementlərin izotop paylarını müəyyənləşdirərək, tullantıların hansı dərinlikdə əmələ gəldiyini üzə çıxarmağa imkan verib.
 
Analizlər göstərib ki, Kafue dərəsindəki bulaq sularında gözlənilməz dərəcədə çox helium və digər təsirsiz qazlar mövcuddur. Onların izotop tərkibi Yerin mantiya qatına və Keniyadakı Böyük Rift dərəsi ərazisindəki qaz tullantılarına uyğun gəlir. Bu fakt Zambiyanın altındakı yer qabığında yeni bir çatın formalaşmağa başladığını sübut edir.
 
Professor Delinin sözlərinə görə, Afrikadakı Cənub-Qərb Rift sistemi qitənin parçalanması üçün daha bir "qırılma nöqtəsi" ola bilər. Zambiyada yer qabığının nisbətən zəif olması və çatın coğrafi yerləşməsi bu parçalanma prosesi üçün daha optimal şərait yaradır. /oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər