Bakıda kiçik bir kafe və ya market qısa müddətdə müştəri toplaya bildiyi halda, rayonlarda sahibkar eyni nəticəni əldə etmək üçün daha çox vaxt və resurs sərf etməli olur...
Son illərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin əsas mərkəzi kimi yenə də Bakı ön planda qalır. Paytaxtda yeni bizneslərin sayı artır, xidmət sektoru genişlənir, rəqəmsal ticarət sürətlə böyüyür. Ən gəlirli sahələr sırasında tikinti, daşınmaz əmlak, restoran və kafe biznesi, market şəbəkələri, avtomobil xidmətləri, gözəllik sektorları və onlayn satış platformaları dayanır.
Müşahidələr göstərir ki, xüsusilə kirayə mənzil bazarı, çatdırılma xidmətləri və sosial şəbəkə üzərindən qurulan bizneslər son illərdə ən sürətli qazanc gətirən istiqamətlərə çevrilib. Paytaxtda əhalinin sıxlığı, alıcılıq qabiliyyətinin yüksək olması və gündəlik aktiv həyat tərzi sahibkarlar üçün böyük bazar yaradır.
Ancaq məsələnin digər tərəfi də var: ölkənin iqtisadi yükünün böyük hissəsi hələ də Bakının üzərində qalır. Rayonlarda biznes imkanlarının zəif olması isə insanların paytaxta axınının əsas səbəblərindən biri kimi göstərilir.
Məsələn, Bakıda kiçik bir kafe və ya market qısa müddətdə müştəri toplaya bildiyi halda, rayonlarda sahibkar eyni nəticəni əldə etmək üçün daha çox vaxt və resurs sərf etməli olur. Çünki bölgələrdə əhalinin alıcılıq qabiliyyəti aşağıdır, biznes dövriyyəsi zəifdir, bəzi yerlərdə isə logistika və nəqliyyat problemləri qalmaqdadır.
Digər mühüm məsələ işçi qüvvəsi ilə bağlıdır. Gənclərin böyük hissəsi təhsil və iş imkanları səbəbindən Bakıya üz tutur. Nəticədə rayonlarda həm peşəkar kadr çatışmazlığı yaranır, həm də yerli bizneslərin inkişaf tempi zəifləyir. Bu isə regionlarda iqtisadi canlanmanı daha da ləngidir.
Ekspertlər hesab edir ki, bölgələrdə sahibkarlığın inkişafı üçün ilk növbədə vergi güzəştləri, ucuz kreditlər və istehsalyönümlü layihələr genişləndirilməlidir. Xüsusilə aqrar emal müəssisələri, soyuducu anbarlar, kənd turizmi və regional logistika mərkəzləri rayonlarda yeni iqtisadi nəfəs yarada bilər.
Turizm potensialı olan rayonlarda isə vəziyyət tam fərqlidir. Qəbələ, Şəki, Quba, Lənkəran kimi bölgələrdə hotellər, ailəvi istirahət mərkəzləri və kənd evləri artıq gəlirli biznes istiqamətinə çevrilməyə başlayıb. Lakin bu inkişaf hələ bütün regionları əhatə etmir.
Bu gün Bakıda biznesin sürətlə böyüməsi bir tərəfdən iqtisadi aktivliyi artırsa da, digər tərəfdən regionlarla paytaxt arasındakı fərqi daha da dərinləşdirir. İnsanlar yaşadıqları rayonda sabit qazanc və inkişaf perspektivi görmədikcə, paytaxta köç davam edəcək.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı indiyə qədər 4 dövlət proqramı icra olunub. Bunlar 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edib. Hazırda da bu proqramların davamı kimi yeni regional inkişaf siyasəti müxtəlif layihələr vasitəsilə davam etdirilir. Amma buna baxmayaraq, regionlardan ölkənin mərkəzinə axın dayanmayıb: “Müəyyən canlanma hiss olunsa da, bu, problemi effektiv şəkildə həll etməyə kifayət etməyib. İlk növbədə Azərbaycan hökuməti ölkə iqtisadiyyatındakı disbalansın aradan qaldırılmasını hədəfləməlidir.
Rəqəmlərə diqqət etsək görərik ki, Azərbaycan iqtisadiyyatının təxminən 90 faizi Bakı və ətrafında formalaşır. İxracın da böyük hissəsi paytaxtın payına düşür. Belə bir şəraitdə insanların Bakıya axınının qarşısını almaq praktik olaraq mümkün deyil. Hökumət ilk növbədə bu göstəriciləri dəyişməyə çalışmalıdır. İqtisadiyyat ölkə ərazisi üzrə mümkün qədər balanslı şəkildə yayılmalıdır. Sənaye obyektləri daha çox regionlarda qurulmalıdır. Bu, həm məşğulluğu artırar, həm istehsala ehtiyacı yüksəldər, həm də bölgələrin iqtisadi imkanlarını genişləndirər.
Hazırda Azərbaycan iqtisadiyyatı bir nöqtəyə cəmləşmiş vəziyyətdədir - paytaxt böyüyür, regionlar isə zəifləyir. Bu problemin aradan qaldırılması üçün bölgələrdə real iqtisadi imkanlar yaradılmalıdır ki, insanlar paytaxta köçmək məcburiyyətində qalmasınlar".
Ekspert deyib ki, kənd təsərrüfatı sahəsində də ciddi addımlar atılmalıdır. Hökumətin bu sahədə konkret nəticəyə hesablanmış iqtisadi siyasəti olmalıdır “.

Sosioloq Üzeyir Şəfiyev qeyd edir ki, hər il əmək bazarına təxminən 100-110 min yeni işçi qüvvəsi daxil olur. Bu isə göstərir ki, əmək bazarında vəziyyət kifayət qədər gərgindir. Yeni yaradılan iş yerlərinə baxdıqda isə onların təxminən 80 faizinin paytaxt və iri şəhərlərdə formalaşdığı görünür: “Bu səbəbdən əmək bazarının diversifikasiyasına ciddi ehtiyac var. Daha çox çalışmaq lazımdır ki, regionlarda yeni iş sahələri açılsın. Xüsusilə də gənclərin maraq və həyat tərzinə uyğun iş imkanları yaradılmalıdır. Çünki gənclər daha çox paytaxta və iri şəhərlərə üz tuturlar. Bunun əsas səbəblərindən biri regionlarda onların gözləntilərinə uyğun iş yerlərinin az olmasıdır.
Bu məsələyə xüsusi diqqət ayrılmalıdır. Paralel şəkildə regionlarda gənclərin qalması üçün torpaq sahələri ilə təminat, güzəştli mənzil imkanları və digər sosial mexanizmlər də gücləndirilməlidir.
Əslində gənclərin paytaxta axınının səbəbi yalnız iş deyil. Onlar həm də sosial və mənəvi ehtiyaclarını ödəmək üçün iri şəhərlərə üz tuturlar. Buna görə rayon mərkəzlərində elə bir mühit yaradılmalıdır ki, gənclər paytaxta getmədən də özlərini inkişaf etdirə, sosial həyatın bir hissəsi ola bilsinlər.
Bəzi rayonlarda mövsümi məşğulluq müəyyən qədər vəziyyəti yüngülləşdirir. Yay mövsümündə turizm bölgələrində iş imkanları artır və bu da məşğulluğa müsbət təsir edir. Amma məsələ mövsümi deyil, davamlı həll olunmalıdır. Bunun üçün turizmin inkişafı, yeni xidmət sahələrinin yaradılması və şəhərlə kənd arasındakı fərqlərin azaldılması vacibdir. Ən azı məşğulluq imkanları baxımından rayonlarla paytaxt arasındakı fərq minimuma enməlidir.
Bu isə yeni iş yerlərinin yaradılmasını tələb edir. Hesab edirəm ki, regionlarda əməkhaqqı müəyyən sahələr üzrə paytaxtla müqayisədə daha yüksək olmalıdır ki, bu da insanlar üçün motivasiya yaratsın. Dünyanın bir çox ölkəsində bu təcrübədən istifadə olunur. Azərbaycanda da belə yanaşma tətbiq edilsə, regionlara maraq arta bilər".
Sosioloq deyir ki, bundan başqa, bəzi ali təhsil müəssisələrinin, agentliklərin və dövlət qurumlarının struktur bölmələrinin regionlara köçürülməsi də faydalı ola bilər: “Əgər regionlarda məşğulluq artırılsa, kənd təsərrüfatında innovativ texnologiyalar tətbiq olunsa və yeni iş sahələri yaradılsa, bu, həm iqtisadiyyata müsbət təsir edər, həm də bir sıra məhsullar üzrə xaricdən asılılığı azaldar.
Bunun üçün isə sistemli yanaşma lazımdır. Regionların sosial-iqtisadi inkişaf proqramları 2004-cü ildən tətbiq olunur. Amma artıq bu proqramlar çərçivəsində daha effektiv və nəticəyönümlü mexanizmlərdən istifadə edilməlidir. Eyni zamanda proqramların monitorinqi gücləndirilməli, yerli icra strukturlarından konkret hesabat tələb olunmalıdır. Məsələn, hansı layihə nəticəsində nə qədər yeni iş yeri yaradılıb, neçə gənc işlə təmin olunub, regionlardan paytaxta axın nə qədər azalıb - bütün bunlar konkret rəqəmlərlə ölçülməlidir. Yalnız bu halda regionlarda məşğulluğun inkişafı istiqamətində real nəticələr əldə etmək mümkün olacaq".