Rusiya elitası artıq müharibəni "bizim işimiz" yox, "onun layihəsi" adlandırır...
Rusiyada hakimiyyət sistemi daxilində narahatlıq artır və bunun əlamətləri artıq açıq görünməyə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri yazıb.
"Bu artıq onların müharibəsi deyil"
Anonim şəkildə çıxış edən keçmiş yüksəkvəzifəli Rusiya məmurunun sözlərinə görə, Vladimir Putin illərlə qurduğu idarəetmə modelinə əvvəlki kimi nəzarət edə bilmir, Kreml elitası isə getdikcə ondan uzaqlaşır.
Nəşr yazır ki, əvvəllər Ukraynaya qarşı müharibə və Kremlin qərarları hakimiyyət daxilində "ümumi iş" kimi qəbul olunurdu. Məmurlar, oliqarxlar və qubernatorlar baş verənləri "bizim gündəmimiz" adlandırırdı. İndi isə münasibət dəyişib: müharibə getdikcə daha çox "Putinin şəxsi layihəsi" kimi qiymətləndirilir.
Anonim müəllifin fikrincə, bu dəyişiklik açıq üsyan demək olmasa da, sistem daxilində ciddi mənəvi parçalanmanın göstəricisidir. O qeyd edir ki, Kreml artıq cəmiyyətə və elitaya gələcək barədə inandırıcı mənzərə təqdim edə bilmir. Müharibənin əvvəlində qısa və məhdud əməliyyat kimi planlaşdırılan proses indi ölkə üçün ağır iqtisadi və siyasi yükə çevrilib.
Oliqarxlar və məmurlar narahatdır
Məqalədə vurğulanır ki, Rusiyanın varlı təbəqəsi əvvəlki təhlükəsizlik hissini itirib. Qərbdəki aktivlərini itirən oliqarxlar indi öz kapitallarını Rusiyada saxlamağa məcburdur. Lakin ölkə daxilində biznesin müsadirəsi, həbslər və qaydaların qeyri-müəyyənliyi onları ciddi şəkildə narahat edir.
Müəllif hesab edir ki, Rusiya həm də dərin kimlik böhranı yaşayır. Uzun illər özünü Avropanın və Qərb dünyasının bir hissəsi kimi görən ölkə indi Qərblə açıq qarşıdurma vəziyyətinə düşüb. Bu isə həm siyasi, həm də iqtisadi baxımdan əvvəlki sistemi sarsıdır.
Kreml 9 May paradını da dəyişdi
"Der Spiegel" nəşrinin yazdığına görə, Kreml ilk dəfə xarici jurnalistlərin 9 May paradını işıqlandırmasına icazəni ləğv edib. Almaniyanın ARD və ZDF telekanalları, AFP agentliyi, İtaliyanın Rai və Yaponiyanın NHK kanalı akkreditasiyadan məhrum edilib.
Bundan əlavə, Qırmızı Meydandakı paradın bu il hərbi texnikasız keçiriləcəyi bildirilir. Moskva ətrafında əlavə hava hücumundan müdafiə sistemləri yerləşdirilib, şəhərdə mobil internetə məhdudiyyətlər tətbiq olunacağı açıqlanıb. Bir sıra regionlarda isə 9 May tədbirləri ümumiyyətlə ləğv edilib.
Məqalə müəllifi Putinin vəziyyətini şahmatdakı "tsuqsvanq"la müqayisə edir, yəni atılan hər addım mövqeyi daha da pisləşdirir. Onun fikrincə, Kreml repressiyaları artırsa belə, bu, sistemi xilas etməyəcək, əksinə, böhranı daha da dərinləşdirəcək.