Evi sökülənlərə MÜJDƏ – Təzminatın məbləği...
253
08:55, Bu gün

Evi sökülənlərə MÜJDƏ – Təzminatın məbləği...

Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir. Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir. Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.

Deputat təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir. Deputat qeyd edib ki, paytaxtda bu il də söküntü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.

Bildirək ki, hazırda paytaxtda sökülən evlərlə bağlı ev sahiblərinə müvafiq maliyyə vəsaiti ayrılsa da kiçik sahəli evlərdə yaşayanlar üçün bu, problemlər yaradır. Ona g[r’ ki, onlar həmin məbləğə yeni ev almaqda çətinliklərlə üzləşirlər.

Kiçik sahəli evlərə kompensasiya məbləği artırıla bilərmi?

İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, dövlət ehtiyacları üçün torpaq sahələrinin və ya mənzillərin, yüksək mərtəbəli binaların alınması çox nadir hallarda baş verir. Onun sözlərinə görə, bu, istisna xarakter daşıyır, çünki qanunda konkret kriteriyalar müəyyən olunub: “Bu proses şəhərin kritik infrastrukturu ilə bağlı olmalı, təhlükəsizlik məsələləri ilə əlaqələndirilməlidir və s. Belə hallarda dövlət orqanları ilə vətəndaş arasında razılaşma əldə olunur. Hətta vətəndaş razı qalmasa belə, müəyyən müddət ərzində məhkəməyə müraciət edib kompensasiya ilə bağlı mübahisə qaldıra bilər.

Amma digər hallarda, yəni, özəl sektorun həyata keçirdiyi layihələrdə belə bir mexanizm yoxdur. Bu, sadəcə uydurulub, belə bir “əmsal” anlayışı mövcud deyil. Bu proses yalnız vətəndaşla özəl şirkət arasında qarşılıqlı razılaşma əsasında və vətəndaşı qane edəcək təkliflə həyata keçirilməlidir. Bizdə isə bu məsələlər qarışdırılır, sanki evlər sökülürsə, hamısını dövlət edir. Halbuki söküntülərin böyük əksəriyyəti özəl sektor tərəfindən, müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq həyata keçirilir. Amma icraçı tərəf özəl sektordur.

Burada özəl sektorun hansısa “əmsal” təyin etmək hüququ yoxdur. Vətəndaşla razılaşmalı, onu qane edəcək təkliflərlə çıxış etməli və razılıq əldə etməlidir. Mülkiyyət hüququnun toxunulmazlığı təmin olunmalıdır. Yəni, burada dövlət tərəfindən vahid əmsal müəyyən olunmur deyə, yanlış yanaşmaya ehtiyac yoxdur. Əsas məsələ odur ki, mövcud qanunvericiliyin tələbləri tam şəkildə yerinə yetirilsin və vətəndaşın hüquqları qorunsun. Amma praktikada belə hallar olur ki, özəl sektor dövlət adından çıxış edərək söküntü aparmağa çalışır və özü şərtlər, “əmsallar” müəyyən edir. Əgər vətəndaş razılaşmırsa, problemlər başlayır: işıq, su, qaz kəsilir və bu da ciddi sosial narahatlıq yaradır. Halbuki mövcud qanunvericilik vətəndaşın hüquqlarını qorumaq üçün kifayət qədər mexanizmlər təqdim edir. Sadəcə, bu mexanizmlərin tətbiqindəki boşluqlar aradan qaldırılmalıdır ki, problem həllini tapsın”.

Ekspertə görə, heç kimin vətəndaşı zorla evindən çıxarmaq hüququ yoxdur: “Bu birmənalıdır və qanun bunu qoruyur. Amma praktikada bəzən dövlətin adı ilə çıxış edən özəl tikinti şirkətləri bu işləri həyata keçirirlər. Çox vaxt yanlış məlumat verilir, guya dövlət onlara geniş səlahiyyətlər verib. Halbuki belə deyil. Qanunvericilikdə əsas prinsip qarşılıqlı razılaşmadır və vətəndaş istədiyi qiyməti təyin etmək hüququna malikdir. Praktikada isə belə hallar olur ki, binadan bir nəfərlə razılaşırlar, sonra bunu ümumi “əmsal” kimi təqdim edirlər ki, guya hamı razıdır. Halbuki belə deyil. Vətəndaşın istədiyi qiyməti tələb etmək hüququ var. Əgər şirkətin marağı varsa və vətəndaş köçmək istəmirsə, bu zaman müqavilə bağlanmalıdır. Həmin ərazidə yeni tikilən binada ona mənzil verilməli, eyni zamanda, tikinti müddətində kirayə haqqı ödənilməlidir. Bu, qanunvericilikdə açıq şəkildə göstərilib. Sadəcə, Azərbaycanda ya tətbiq olunmur, ya da çox zəif tətbiq olunur”.

N. Cəfərli bildirib ki, vətəndaşın seçim hüququ var, istədiyi qiyməti deyə bilər:

“Məsələn, ona belə təklif edilə bilər: “Sən buradan köçmək istəmirsən, amma eyni sahədən əlavə daha böyük mənzil verəcəyik. İki ilə bina hazır olacaq və həmin müddətdə kirayə haqqını biz ödəyəcəyik”. Belə olduqda vətəndaş düşünür ki, əvvəl daha kiçik mənzildə yaşayırdısa, indi daha müasir və geniş mənzil əldə edəcək və müvəqqəti kirayədə qalmağa razı olur.

Yəni bu, əslində sadə razılaşma yolu ilə həll oluna bilən məsələdir. Amma bəzi hallarda özəl şirkətlər dövlətin gücündən istifadə edirmiş kimi davranır, hətta müəyyən icra strukturlarının imkanlarından yararlanaraq vətəndaşları razılaşmaya məcbur etməyə çalışırlar. Bu isə doğru yanaşma deyil. Bu tip mübahisələr bəzən məhkəməyə qədər gedib çıxır. Şirkətlər iddia edir ki, vətəndaş həddindən artıq yüksək məbləğ tələb edir. Amma qanun baxımından vətəndaşın belə tələb irəli sürmək hüququ var. Bəzən isə bu mübahisələr kəskinləşir və xoşagəlməz hadisələrə gətirib çıxarır. Halbuki əsas yol dialoqdur. Vətəndaşın tələb etmək hüququ var, tərəflər oturub danışmalı, ortaq məxrəcə gəlməlidirlər.

Dünyada da buna oxşar hallar olub. Məsələn, Tokioda hava limanı tikilərkən hamı köçürülsə də, bir nəfər köçməkdən imtina edib. Ona yüksək məbləğlər təklif edilsə də razı olmayıb. Nəticədə layihə dəyişdirilib və həmin ərazi toxunulmaz qalıb. Yəni, daşınmaz əmlak sahibinin razılığı əsas şərtdir. Köçürülmə də, kompensasiya da yalnız razılaşma əsasında olmalıdır. Yekun olaraq, tərəflər danışıqlar aparmalı, razılığa gəlməli və məsələni hüquq çərçivəsində həll etməlidirlər. Başqa yol yoxdur”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər