“Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa...
707
08:40, Bu gün

“Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..."

“Heç vaxt qalmaqalla işim olmayıb, qalmaqalı sevməmişəm. İnsanın gərək işi zəif olsun ki, gündəmdə qalmaq üçün söz-söhbət yaratsın. Hərçənd bəzən sənəti olanlar da, sənətdə sözünü deyənlər də qalmaqal edirlər. Buna çox üzülürəm. Əgər saz sinəndədirsə sən qalmaqal etməməlisən. Gündəmdə elə sazınla qal. Saz çox müqəddəs alətdir. Qopuzdan gəlib saz alətinə çevrilib. Bu sənəti daşıyan, əlinə saz götürən adam qalmaqal edəndə mənə elə gəlir ki, o özünü aşağılayır. Sənəti aşağılamır”.
 
Bunu Moderator.az-a tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva deyib.
 
O daha sonra bildirib ki, əlinə saz götürüb efirə çıxan, el şənliyinə gedən ifaçı aşıqlar oturuşuna-duruşuna, cəmiyyətdəki hərəkətlərinə diqqət yetirməlidir:
“Bizi tamaşaçılar daha çox toylarda və efirlərdə görür. Sənətçi, müğənni cəmiyyətə nümunə olmalıdır. İstər sənəti ilə, istərsə də hərəkəti, ədəb-ərkanı ilə. Bu aşıqdırsa ikiqat özünə və sənətinə hörmət qoymalıdır. Mən hər zaman özümdən yaşca kiçiklərə tövsiyyələrimi bildirib, məsləhətlərimi verirəm. O vaxt bir neçə aşıq sazı göyə atıb-tuturdular. Onlara irad bildirdim. Sağ olsunlar, mənim bu iradlarımı səmimi qəbul etdilər, öz üzərlərində işlədilər və gözəl ifalar lentə yazdırdılar. İnsanı dinləmək, tövsiyyədən yararlanmaq da bir mədəniyyətdir. Bəzən əksi də olur. Toy məclislərindən birində bizim aşıq qızlardan birinə dedim ki, sən fonoqram ifa edirsən, amma elə dəridən-qabıqdan çıxırsan, guya sazı canlı ifa edirsən. Kənardan müşahidə edib görürdüm ki, bu qadına yaraşmayan hərəkətdir. Cavab verdi ki, “məni toya çağıranda deyirlər ki, başını oynat”. Dedim ki, səni toya baş oynatmağa çağırırlar yoxsa sənət göstərməyə? Təbii ki, efirlərdə bəzən biz də fonoqram ifa edirik. Amma daha elə dəridən-qabıqdan çıxıb, özümüzü həlak etmirik. Çünki tamaşaçılar da canlı ifa ilə fonoqramı bir-birindən ayırırlar”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər