Ekskluziv
202
15:01, Bu gün

"ABŞ yenə öz qapısına qol vurdu: İranda Vaşinqtonun növbəti strateji uğursuzluğu" - "UnHerd"

 
"ABŞ-nin İrana qarşı son hərbi kampaniyası Vaşinqtonun onilliklərdir təkrarlanan xarici siyasət səhvlərinin növbəti nümunəsidir..."
 
ABŞ İrana qarşı əməliyyatlarda müəyyən hərbi nəticələr əldə etsə də, müharibənin əsas siyasi məqsədlərinə çatdığına dair ciddi əlamətlər yoxdur. 
 
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "UnHerd" nəşri yazıb.
 
İranda taktiki uğur, strateji qeyri-müəyyənlik
 
Nəşrin fikrincə, Tehranın nüvə proqramından imtina etməsi, regiondakı müttəfiqlərinə dəstəyi dayandırması və ya İsraillə münasibətləri normallaşdırması yaxın perspektivdə real görünmür.
 
Məqalədə vurğulanır ki, ABŞ prezidenti Donald Tramp bu əməliyyatı qələbə kimi təqdim etsə də, münaqişənin uzunmüddətli nəticələri hələ məlum deyil. Müəllif hesab edir ki, ən ehtimal olunan ssenari tərəflər arasında illərlə davam edəcək aşağı intensivlikli qarşıdurmadır. Bu isə Vaşinqtonun İraq və digər Yaxın Şərq müharibələrində qarşılaşdığı vəziyyətə bənzəyir.
 
Koreya, Vyetnam, İraq və Əfqanıstanın dərsləri
 
Nəşr ABŞ-nin İkinci Dünya müharibəsindən sonrakı hərbi siyasətini təhlil edərək bildirir ki, Vaşinqton dəfələrlə döyüş meydanında üstünlük qazansa da, strateji baxımdan istədiyi nəticəni əldə edə bilməyib. Məqalədə Koreya müharibəsi, Vyetnam müharibəsi, 2003-cü ildə İraqa müdaxilə, eləcə də Əfqanıstan və Suriyadakı əməliyyatlar buna nümunə kimi göstərilir.
 
Müəllifin fikrincə, ABŞ-nin ən böyük problemi hərbi qələbələri siyasi uğura çevirməkdə çətinlik çəkməsidir. Vyetnamda kommunistlər hakimiyyəti qoruyub saxladı, Əfqanıstanda isə iyirmi illik müharibədən sonra "Taliban" yenidən hakimiyyətə qayıtdı. İraqda isə Səddam Hüseyn rejiminin devrilməsi ölkədə sabitlik yaratmaq əvəzinə yeni təhlükəsizlik böhranlarına və radikal qrupların güclənməsinə səbəb oldu.
 
Problem ABŞ-nin müharibə modelindədir
 
Nəşr hesab edir ki, problemin kökü ayrı-ayrı prezidentlərdən daha çox ABŞ-ın müharibə aparmaq yanaşmasındadır. Məqalədə qeyd olunur ki, Vaşinqton uzun illərdir texnoloji üstünlüyə, hava zərbələrinə və uzaqdan idarə olunan hərbi imkanlara arxalanır.
 
Lakin bu üstünlüklər çox vaxt mürəkkəb siyasi və sosial problemləri həll etməyə kifayət etmir. Nəşrin qənaətinə görə, ABŞ cəmiyyəti uzun və ağır itkilərlə müşayiət olunan müharibələri dəstəkləmədiyi üçün Vaşinqton tez-tez yarımçıq qalan hərbi kampaniyalarla üzləşir. 
 
Müəllif hesab edir ki, yeni strateji uğursuzluqların qarşısını almaq üçün ABŞ xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməli və hərbi müdaxilələrə başlamağı daha çətin edən siyasi mexanizmlər formalaşdırmalıdır. Bu baş vermədiyi təqdirdə isə İrandakı vəziyyət əvvəlki müharibələrin taleyini təkrarlaya bilər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər