Minsk qrupu Azərbaycanı psixoloji baxımdan necə tərk-silah etmək istəyib? -İfşa!
Ekskluziv
171
18:41, Bu gün

Minsk qrupu Azərbaycanı psixoloji baxımdan necə tərk-silah etmək istəyib? -İfşa!

Vaxtiylə Azərbaycan-Ermənistan münaqişəsinin həlli üçün yaradılan, fəqət uzun illər ərzində problemin həllinə kiçik də olsa töhfə verə bilməyən ATƏT-in Minsk qrupu haqlı olaraq hər zaman ölkəmizdə ciddi tənqid hədəfi olub, onun yarıtmaz siyasəti ictimai etiraz doğurub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Minsk qrupunun fəaliyyətsizliyini daim tənqid edib, onun münaqişənin həllindən daha çox, problemin dondurulmasına çalışdığını vurğulayıb.

Minsk qrupu ilə bağlı aparılan araşdırmalar sübut edir ki, əslində adıçəkilən qurumun bu müddət ərzində sadəcə passiv siyasi mövqe sərgiləməklə qalmayıb, xalqımıza, dövlətimizə qarşı sözün həqiqi mənasıdna psixoloji baxımdan tərk-silah siyasəti yürüdüb. Bu siyasətin mahiyyətində Azərbaycanı problemin hərbi yolla həllindən çəkindirmək niyyəti dayanıb. Minsk qrupuna həmsədrlik edən dövlətlər Azərbaycanı ciddi-cəhdlə inandırmağa çalışıblar ki, münaqişənin hərbi yolla həlli perspektivi yoxdur və buan görə də rəsmi Bakı bütün ümidini diplomatiyaya bağlamalıdır. Halbuki, Minsk qrupuna üzv dövlətlərin məlum iddiaları tamamilə əsassız və reallıqdan uzaq idi. Necə ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan bunu əməli şəkildə sübut etdi.

Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü ilin dekabrın 6-da “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumundakı çıxışında Minsk qrupuna üzv dövlətlərin bədxah niyətləri haqqında deyib:

“Müsahibələrin birində demişdim ki, əraziləri azad etmək mənim siyasi həyatımın əsas məqsədini təşkil edir və fəxr edirəm ki, bu məqsədlərə nail olunub. Necə xatırlanacağım bir çox amillərdən asılı olacaq. Düzünü desəm, bu barədə düşünməyə belə vaxtım yoxdur. Bu barədə düşünsəm də, buna təsir etmək mənim iradəmdən asılı deyil. Sülhlə bağlı onu deyə bilərəm ki, düşünürəm, biz sülh gətirmişik. Biz sülhü müharibə ilə gətirdik. Düşünürəm ki, bu, Qafqazda lokal vəziyyətdən daha geniş şəkildə qiymətləndirilməli olan bir məsələdir. Hərbi yolla sülhə necə nail olmaq olar? Uzun illər danışıqlar və işğal zamanı mən Minsk qrupunun həmsədrlərindən eşidirdim, onlardan üçü bir ağızdan qeyd edirdilər ki, münaqişənin hərbi yolla həlli yoxdur. Belə məlum oldu ki, onların hər üçü səhv edirdi.

Dövlətçilik tarixinə, geniş beynəlxalq təcrübəyə, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq, onlar yanılırdılar. Düşünürəm ki, ya sadəcə, yanlış qiymətləndirdiklərinə görə yanılırdılar, ya da bu, Azərbaycana bir növ mesaj idi ki, siz sülh ssenarisindən başqa ssenariyə əl atsanız, uğur qazana bilməyəcəksiniz. Biz sübut etdik ki, münaqişənin hərbi yolla həlli var. Beləliklə, münaqişə həll olundu”. (//president.az/az/articles/view/62400 ).

Prezident İlham Əliyev 10 may 2026-cı il tarixində Zəngilan sakinləri ilə görüşündə də Minsk qrupuna üzv dövlətlərin Azərbaycana təzyiq siyasətinə diqqət çəkib, bu siyasətin nə qədər ədalətsiz və uğursuz olduğunu qeyd edib:

“İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər”. (//president.az/az/articles/view/72343 ).

Sitatdan da göründüyü kimi, Minsk qrupuna üzv dövlətlər Azərbaycanın işğaldakı torpaqlarını azad etməsini istəmir, buna ən müxtəlif üsul və vasitələrlə mane olmağa çalışırdılar. Bu vasitələrdən biri də problemin hərbi yolla həllinin mövcud olmaması ilə bağlı fikrin təlqin olunması, davamlı şəkildə gündəmə gətirilməsi idi. Bu iddia Azərbaycanı problemin hərbi yolla həllindən çəkindirməyə, dövlətimizi müharibənin çıxış yolu olmadığı fikrinə inandırmağa xidmət edirdi. Başqa sözlə desək, Minsk qrupu Azərbaycanı psixoloji baxımdan tərk-silah etməyə, onun ruhi-mənəvi gücünü əlindən almağa çalışırdı. Məqsəd problemi səmərəsiz diplomatik danışıqlar yolu ilə sonsuza qədər uzatmaq, bu müddət ərzində öz maraqlarını təmin etmək üçün Cənubi Qafqazdaki əlverişli zəmindən bəhrələnmək idi. Lakin Azərbaycan dövləti onların bu niyyətinə öz dəmir iradəsi, öz “Dəmir yumruğu” ilə son qoydu. 2020-ci ilin 44 günlük Vətən müharibəsi sayəsində torpaqıarını erməni işğalından azad edən Azərbaycan, problemin hərbi yolla həllinin mövcud olduğunu praktiki şəkildə təsdiqlədi. Nəinki təsdiqlədi, həm də sübut etdi ki, siyasi-diplomatik baxımdan dalana dirənən bu kimi problemlərdə hərbi vasitə ən effektiv çıxış yoludur və məhz bu yol Azərbaycanı çoxdan həsrətində olduğu zəfərə qovuşdurdu. 8 Noyabr zəfərinə...

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər