“Yoxsa biz daim Rusiyanın tərəfində dayanıb onun 5-ci ildir ki, təcavüzə, bombardmanlara, qətliamlara məruz qoyduğu bu məzlum, günahsız ölkəni qınamalıyıq və Putinin etdiklərini təqdir etməliyik? Moskva heç vaxt bunu görməyəcək...”
“Biz bir neçə dəfə Ukraynaya humanitar yardım etmişik. Məsələn, keçən il Ukraynanın Rusiya enerji və elektrik sistemlərini raket atəşini tutaraq onu pozan dövrlərdə Azərbaycan Ukraynaya xeyli transformator və iri generatorlar, elektrik naqilləri göndərdi...”
Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycanda işgüzar səfərdədir. Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevin onunla təkbətək görüşü keçirilib. Və artıq iki dövlət başçısı mətbuata birgə açıqlamalar veriblər.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Ukrayna liderinin nəinki Azərbaycana, Baltikyanı ölkələr və Moldova istisna olmaqla keçmiş sovet respublikalarına, başqa sözlə, hazırda MDB üzvü olan bir ölkəyə ilk səfəridir. Bundan öncəki illərdə də V.Zelenskinin Bakıya səfər edəcəyi haqda məlumatlar yayılmış, lakin həmin səfərlər baş tutmamışdı...
Bəs görəsən, 5-ci ildir ki, Rusiya təcavüzünə qarşı böyük qətiyyət və iradə nümayiş etdirərək müqavimət göstərən qəhrəman Ukrayna liderinin Azərbaycana bu səfəri nə dərəcədə əhəmiyyətlidir? Sözsüz ki, Zeelenskinin bu səfərindən bəzi digər dövlətlər kimi, elə Ukraynaya təcavüzündən bir gün öncə- 22 fevral 2022-ci il tarixində müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva bəyannaməsini imzaladığımız Rusiya da bərk qıcıqlanacaq. Bundan sonra Kremldən hansı reaksiyaları gözləmək olar?..
Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Moderator.az-a açıqlamasında aşağıdakı fikir və mülahizələri səsləndirib:
“Ukrayna prezidentinin Azərbaycana səfərinin çox müsbət dəyərləndirirəm. Bu onu göstərir ki, Ukrayna artıq öz ayaqları üstdə möhkəm, dik dayana bilir və Rusiya ilə müharibədə strateji təşəbbüsü tamamilə ələ alıb, bu təcavüzkar ölkəni diz çökdürməyə yaxın vəziyyətdədir. Son aylar hər gün biz Ukraynanın həm cəbhə boyu, həm də Rusiyanın yüzlərlə, bəzən 1000-2000 km məsafədəki müxtəlif daxili ərazilərindəki hərbi və strateji obyektlərinə hücumlarının şahid oluruq. Bu hücumlar çox effektivdir və Rusiyanı gücdən salır. Ukrayna artıq öz ballistik raketlərini, orta mənzilli və qanadlı raketlərini istehsal edir və bu raketlərin böyük bir qismi döyüşə hazır durumdadır. Və Ukrayna bununla Rusiyaya qarşı böyük hücum başladacağının siqnallarını verir...
Zelenskinin Azərbaycana səfəri, sözsüz ki, dövlətimizin və xalqımızın müharibə zamanı Ukrayna ilə bağlı tutduğu mövqe ilə də qırılmaz surətdə bağlıdır. Üstəlik, son zamanlarda belə bir informasiya da yayılmışdı ki, guya Ukrayna Ermənistana pilotsuz uçuş aparatları göndərməyə hazırlaşır. Biz buna kəskin etirazımızı bildirmişdik...
Bundan əlavə, Azərbaycan Ukrayna vasitəsilə Avropaya yaşıl enerji və elektrik enerjisi göndərilməsinin təşəbbüskarıdır. Biz həmçinin Ukraynaya neft və neft məhsullarını da göndərməyə hazır olduğumuzu bildirmişik. Yəni Ukrayna ilə bünövrəsi çoxdan qoyulmuş ikitərəfli ticarət əlaqələrini, eləcə də siyasi əlaqələri daha da inkişaf etdirməyə hazır olduğumuzu diqqətə çatdırmışıq...
Fikrimcə, Zelenskinin səfəri bir tərəfdən də Ukraynada Azərbaycana göstərilən diqqəti və verilən önəmi göstərir. Əgər Ukrayna lideri istəsəydi, başqa MDB ölkəsinə də səfər edə bilərdi. Birinci strateji əhəmiyyətli ölkə kimi Azərbaycana səfər etməsi Azərbaycanın dünyada və bölgədə oynadığı strateji rol ilə də bağlıdır...
Ukrayna həm də Azərbaycanla bərabər Qara dəniz Əməkdaşlıq Təşkilatının üzvüdür. Bu da, inşallah, müharibədən sonrakı dövrdə də daha geniş miqyasda əməkdaşlığımız üçün ciddi bir platformadır. Bütün bu bucaqlardan baxdıqda iki ölkəni biri-birinə bağlayan ciddi bağlar var. Mən əminəm ki, müharibə bitdikdən sonra, inşallah, Azərbaycan və Ukrayna arasındakı münasibətlər və əməkdaşlıq daha yüksək zirvəyə qalxacaq...
Düzdür, Rusiyanın Ukraynaya təcavüzündən bir gün öncə rəsmi Moskva ilə Bakı arasında qeyd etdiyiniz müttəfiqlik qarşılıqlı fəaliyyət barədə bəyannaməs imzalanıb. Amma Zelenski özü də həmişə deyir ki, Rusiyanın hər hansı bir dövlətlə imzaladığı müqavilə quruca bir kağızdır. Elə Azərbaycanla sözügedən sazişi imzaladıqdan sonra Kreml sanki, əksinə, daha çox bizim əleyhimizə fəaliyyət göstərməyə başladı. İndi isə İrəvanda Paşinyanı devirməyə çalışaraq Ermənistanı yenidən Azərbaycana qarşı qızışdırmağa çalışır...
Zelenski də dünənin sadəlöhv bir siyasətçisi deyil, o, yaxşı anlayır ki, Rusiya təklənmiş bir ölkədir və onun hansısa bir dövlətlə hansısa müqavilə imzalaması heç nəyi dəyişmir. Rusiya ilə sözügedən müqavilə imzalandıqdan sonra da Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göstərib. Ukraynaya 5 milyon dollar pul ödəyib. Və digər bizim bilmədiyimiz kanallarla təcavüzə məruz qalmış bu ölkəyə dəstək verib. Hətta Rusiya ara-sıra deyir ki, guya Azərbaycan Ukraynaya silah verir. Ancaq bunu təsdiqləmək mümkün deyil, çünki Azərbaycanın özünə də silah çox lazımdır...
Biz bir neçə dəfə Ukraynaya humanitar yardım etmişik. Məsələn, keçən il Ukraynanın Rusiya enerji və elektrik sistemlərini raket atəşini tutaraq onu pozan dövrlərdə Azərbaycan Ukraynaya xeyli transformator və iri generatorlar, elektrik naqilləri göndərdi. Bu, onların infrastrukturunun bərpası üçün böyük əhəmiyyət daşıyırdı. Bununla da Ukraynanın savaş zamanında enerji və infrastrukturunun bərpasında Azərbaycan xeyli rol oynadı. Bu da göstərir ki, biz Rusiya ilə özümüzü müdafiə məqsədilə müqavilə bağlamış olsaq da, Ukraynaya ondan çox hörmət bəsləyirik və bu ölkəyə humanitar dəstək verməkdə davam edirik. Ukraynanın Azərbaycandakı səfiri də Azərbaycan xalqının öz ölkəsinə münasibətini, diqqət və dəstəyini görür, bunu yüksək qiymətləndirir və öz dövlətinə bu haqda məlumat verir. Və Ukrayna qəti bilir ki, Azərbaycan onun strateji tərəfdaşıdır...
Və konkret Zelenskinin Azərbaycana səfərinə görə, Rusiyanın narazılığı artıq ciddi əhəmiyyət daşımır. Kreml buna görə nə qədər qıcıqlanırsa, qıcıqlansın. Onsuz da, biz müstəqil bir dövlətlə əlaqələrimizi inkişaf etdirmək üçün suveren hüquqlara malikik və həmin hüquqları da reallışdırırıq. Necə olur, Rusiya ilə münasibətləri quranda yaxşı olur, Ukrayna ilə quranda pis. Yoxsa biz daim Rusiyanın tərəfində dayanıb onun 5-ci ildir ki, təcavüzə, bombardmanlara, qətliamlara məruz qoyduğu bu məzlum, günahsız ölkəni qınamalıyıq və Putinin etdiklərini təqdir etməliyik? Moskva heç vaxt bunu görməyəcək...”
Sultan Laçın