"İlkin mərhələ üçün razılıq var, lakin tam üzvlük hələ qeyri-müəyyəndir..."
Avropa İttifaqı (Aİ) liderləri Ukraynanın üzvlük prosesinin ilk mərhələsinə başlamaq üçün zəruri şərtlərin formalaşdığını bildiriblər.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Danışıqların başlanması üçün yaşıl işıq
Bu addım Ukrayna prezidenti Vladimir Zelenskinin ölkəni Avropa İttifaqına inteqrasiya etmək səylərinə mühüm dəstək sayılır. Kipr sammitində əldə olunan razılığa əsasən, ilk rəsmi danışıqlar yaxın həftələr və aylar ərzində başlaya bilər. Bununla belə, tam üzvlük üçün konkret tarix yoxdur və bu prosesin uzun çəkəcəyi vurğulanır.
Siyasi dəyişikliklər və ehtiyatlı yanaşma
Prosesin aktivləşməsi əsasən siyasi maneələrin zəifləməsi ilə əlaqələndirilir. Macarıstanın keçmiş baş naziri Viktor Orbanın məğlubiyyəti və onun blokladığı qərarların önünün açılması mühüm rol oynayıb. Onun yerinə gəlməsi gözlənilən siyasətçi Peter Madyarın yaxın vaxtlarda vəzifəyə başlayacağı gözlənilir.
Buna baxmayaraq, bir sıra Aİ ölkələri genişlənmənin sürətləndirilməsinə ehtiyatla yanaşır. Səbəblər arasında büdcə yükü, həmçinin kənd təsərrüfatı və nəqliyyat sahələrinə mümkün təsirlər göstərilir.
İnteqrasiya modeli üzrə fikir ayrılığı
Kiyev bəzi proqramlara çıxışı təxirə salmağa hazır olsa da, əsas məqsədin tamhüquqlu üzvlük olduğunu bildirir. Belçika baş naziri Bart De Vever mərhələli inteqrasiya modelini irəli sürərək Aİ-nin çoxsəviyyəli struktur kimi genişlənə biləcəyini qeyd edib.
Estoniya baş naziri Kristen Mixal isə Ukrayna üçün alternativin yalnız tam üzvlük olduğunu vurğulayıb. Almaniya kansleri Fridrix Mers isə "assosiativ üzvlük" modelini təklif edərək, Ukraynanın Aİ fəaliyyətinə daha çox cəlb oluna biləcəyini, lakin yaxın perspektivdə tam üzvlüyün real olmadığını bildirib.