“Hələ bilinmir Arazdəyəndə zavod tikilən ərazi Ermənistanındır, yoxsa Azərbaycanın?..”
Ekskluziv
4502
23 Jun 2023 | 14:05

“Hələ bilinmir Arazdəyəndə zavod tikilən ərazi Ermənistanındır, yoxsa Azərbaycanın?..”

“Bu mənada həmin ərazidə heç bir kəsin, nə Ermənistanın, nə də hansısa xarici dövlətin zavod tikmək hüququ var...”
 
Son günlər Ermənistan mediasında, demək olar ki, hər gün yayılan xəbərlərdən biri də guya Azərbaycan ordusunun mövqelərindən, “Ararat” adlandırdıqları Vedi mərzinin “Yerasx” adlanan Arazdəyən kəndi ərazisində tikilən metallurgiya zavodu istiqamətində atəş açılmasıdır. İyunun ortalarında bu haqda ilk məlumat yayılandan az sonra – iyunun 15-də Ermənistan ordusunun şərti sərhəd xəttindəki mövqeləri istiqamətindən Həkəri çayı üzərindəki Laçın sərhəd-buraxılış məntəqəsinə atəş açıldı və bir sərhədçimiz yaralandı. Maraqlıdır, görəsən, bu iki olay arasında hansısa əlaqə varmı?
 
Azərbaycanın keçmiş xarici  işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bunları söyləyib:
 
“Əvvəla,  onu demək lazımdır ki, Arazdəyəndə metallurgiya zavodu tikilən həmin ərazi bilinmir hələ Azərbaycanındır, yoxsa Ermənistanın. Çünki biz sərhəd danışıqlarını hələ davam etdiririk. Buna görə də ABŞ şirkətinin orada Azərbaycan tərəfindən də icazə almamış hansısa obyekt tikmək ixtiyarı yoxdur. O ərazi sual altındadır. Öncəki söhbətlərimizdə də dediyimiz kimi, heç Ermənistan özü də bilmir sərhədlər hansı xətlə müəyyən ediləcək: 1975-ci il, yoxsa 1991-ci il və ya 1929-cu il, yaxud 1920-ci il. Heç kəs bunu bilmir axı. Hüquqi baxımdan “Ermənistan” adlı konkret ərazi yoxdur, bu, münaqişə ərazisidir. İkincisi,  beynəlxalq  sərhədlər qonşu ölkələrin arasında delimitasiya və demarkasiya prosesləri tamamlanandan sonra müəyyənləşir. Yəni sülh sazişinə qol çəkilir və yalnız bundan sonra beynəlxalq qurumlar deyə bilərlər ki, bu iki ölkənin sərhədləri var və ərazi bütövlükləri həmin sərhədlər çərçivəsindədir.  Bu proses bitmədiyi müddətdə o dövlətlərin ölkə olduğu tanınır. Amma hansı sərhədlər çərçivəsində, bu, hələ müəyyən olunmayıb”. 
 
“Bəzən deyirlər ki, beynəlxalq ictimaiyyət Ermənistanın  ərazi bütövlüyünü tanıyıb. Məgər beynəlxalq qurumlarda bizim sərhədlərin xəritələri var?  BMT-də, ATƏT-də, yaxud Avropa İttifaqında və ya Avropa Şurasında həmin xəritələr var? Alma-Ata deklarasiyasının mətnində də konkret xəritələr təqdim edilməyib. Yalnız yazılıb ki, ölkələr bir-birini sovet dövründəki administrativ sərhədlər daxilində tanımalıdır. Ermənistan isə  konkret olaraq rəsmi sənədlərdə bizim sərhədləri tanımayıb, əksinə, bizə ərazi iddiası irəli sürüb. Hüquqi baxımdan vəziyyət belədir. Bu mənada Arazdəyəndəki ərazidə heç bir kəsin, nə Ermənistanın, nə də hansısa xarici dövlətin zavod tikmək hüququ var. İki hadisə arasında əlaqəyə gəldikdə, Arazdəyənin atəşə tutulması xəbəri də, Laçın sərhəd məntəqəsində sərhədçimizin snayper atəşi ilə yaralanması da Ermənistan tərəfindən qurulmuş təxribatdır”,- deyə sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər