Dünya
448
20:00, Bu gün

"İran ABŞ-yə meydan oxudu: "Bölgədə sizin bazalarınıza yer olmayacaq" - "Euronews"

"Tehran Vaşinqtonun zərbələrindən sonra daha sərt cavab və yeni müharibə taktikasına hazır olduğunu bildirir..."

İranın Ali Rəhbəri Müctəba Xamenei ABŞ-nin bölgədəki hərbi mövcudluğuna qarşı sərt bəyanatla çıxış edib.

Moderator.az xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.

Xameneidən sərt mesaj

Onun sözlərinə görə, Yaxın Şərq ölkələri artıq Amerika bazaları üçün "sipər rolunu" oynamayacaq. Bu, ABŞ Mərkəzi Komandanlığının İranın cənubundakı raket obyektlərinə və hərbi katerlərə zərbələr endirdiyini açıqlamasından sonra baş verib. İran Xarici İşlər Nazirliyi isə bunu "atəşkəs rejiminin kobud şəkildə pozulması" adlandırıb və cavabsız qoyulmayacağını bildirib.

Tehran yeni taktika ilə hədələdi

İran ordusunun nümayəndəsi Əbülfəzl Şəkərçi deyib ki, ölkə yeni hücumlar olacağı halda fərqli döyüş taktikalarından istifadə edəcək. Onun sözlərinə görə, İran müharibə dövründə belə raket və pilotsuz aparat istehsalını dayandırmayıb.

Şəkərçi bildirib ki, Tehran artıq mümkün cavab zərbələri üçün hədəfləri müəyyənləşdirib və yeni qarşıdurma əvvəlkindən daha sərt olacaq. O, müharibənin region sərhədlərini aşa biləcəyi barədə də xəbərdarlıq edib.

Tramp fövqəladə iclas çağırdı

Bu gərginlik fonunda ABŞ prezidenti Donald Tramp hökumətin təcili toplantısını keçirmək qərarına gəlib. İclasın əsas mövzusu İranla bağlı vəziyyət və nüvə danışıqları olacaq.

Amerika mediasının məlumatına görə, görüş əvvəlcə Kemp-Devid iqamətgahında planlaşdırılsa da, daha sonra Ağ Evə köçürülüb. Vaşinqton hesab edir ki, Tehranla danışıqlar kritik mərhələyə yaxınlaşıb, lakin bölgədə yeni zərbələr ehtimalı hələ də qalır.

Bölgədə gərginlik artır

İran mediası Bəndər-Abbas şəhərində partlayışların baş verdiyini yazıb. Bildirilir ki, hadisə zamanı SEPAH-ın bir neçə üzvü həlak olub. Eyni zamanda İran tərəfi ABŞ-yə məxsus pilotsuz aparatın vurulduğunu da iddia edir.

Məqalədə qeyd olunur ki, bütün bunlar İran nümayəndə heyətinin Qətərdə mümkün razılaşma variantlarını müzakirə etdiyi vaxt baş verir. Buna baxmayaraq, Tehran və Vaşinqton arasında yekun anlaşmanın əldə olunacağına dair hələ də ciddi qeyri-müəyyənlik qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər