Niderlandda supermarketdə film səhnələrini xatırladan əməliyyat: Silahlı polis hərəkətə keçdi
Dünya
95
22:10, Bu gün

Niderlandda supermarketdə film səhnələrini xatırladan əməliyyat: Silahlı polis hərəkətə keçdi

Niderlandın "Lidl" supermarketlər şəbəkəsinin Den Bos və Sint-Oudenrode şəhərlərində yerləşən mağazalarında banan yeşiklərindən narkotik maddə aşkarlanıb.

Moderator.az xəbər verir ki, bu barədə "Bossche Omroep" məlumat yayıb.

Məlumata görə, Den Bos şəhərində yerləşən mağazada onlarla kiloqram kokain tapılıb. Hər iki hadisə mayın 18-də qeydə alınıb.

Polis Sint-Oudenrodedə aşkarlanan narkotiklərlə bağlı yerli vaxtla saat 15:05-də rəsmi "X" hesabında paylaşım edib. Bildirilib ki, narkotik maddələr götürülərək məhv edilib.

Bundan təxminən bir saat sonra - saat 16 radələrində Den Bos şəhərindəki "Lidl" mağazasında bir neçə banan qutusunda onlarla kiloqram kokain aşkar olunub.

Hadisədən sonra Den Bos filialı dərhal bağlanıb, ərazi polis tərəfindən mühasirəyə alınıb. Supermarketin ətrafına bronjiletli və ağır silahlı polis əməkdaşları cəlb ediliblər. Daha sonra narkotiklərin daşınması üçün mağazaya kiçik yük maşını gətirilib. Avtomobili iki qrup silahlı polis müşayiət edib.

Den Bosdakı mağaza yalnız saat 18:00-dan sonra fəaliyyətini bərpa edib.

Sint-Oudenrodedə hansı növ narkotik maddənin aşkarlandığı açıqlanmayıb. Polis hadisələr arasında əlaqənin olub-olmadığını və narkotiklərin mənşəyini araşdırır.

Bildirilib ki, mağazalarda bananlar "çatdırılma problemləri" səbəbindən rəflərdən yığışdırılıb.

Qeyd edək ki, bu, Niderlandda ilk belə hadisə deyil. Ötən il "Albert Heijn" mağazalarında da banan yeşiklərindən bir neçə kiloqram kokain tapılmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər