Dünya
302
20:45, Bu gün

"Kremldə total panika: Putini öz adamları "satır" - ISW

"Ukrayna zərbələri və iqtisadi böhran fonunda Moskvanın maliyyə sistemi getdikcə daha ağır təzyiqlə üzləşir..."

Rusiyanın Ukraynaya qarşı uzunmüddətli müharibəsi və Ukrayna ordusunun neft infrastrukturuna endirdiyi zərbələr Kremlin iqtisadi imkanlarını ciddi şəkildə zəiflədir.

Moderator.az xəbər verir ki, bu barədə ABŞ-də yerləşən Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Hesabatda bildirilir ki, Rusiya iqtisadiyyatı getdikcə daha dərin problemlərlə qarşılaşır və Kreml bu vəziyyətin real miqyasını gizlətməyə çalışsa da, artıq bunu hökumət nümayəndələrinin öz açıqlamaları da ifşa edir.

Rusiya iqtisadiyyatı zəifləyir

ISW analitikləri Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikovin son bəyanatına diqqət çəkib. Nazir yaxın üç il üzrə ÜDM artımı proqnozunun yenidən nəzərdən keçirilməsinin vacibliyini etiraf edib. Onun sözlərinə görə, vəziyyətə işçi çatışmazlığı, sanksiyalar və Yaxın Şərqdəki qeyri-sabitlik təsir edir.

Analitiklər qeyd edir ki, Kreml kadr böhranının miqyasını açıq etiraf etməkdən yayınır. Halbuki genişmiqyaslı səfərbərlik və müqaviləli hərbçilərin davamlı cəlbi mülki sektordan böyük sayda insanın çıxmasına səbəb olub. ISW hesab edir ki, Kreml üçün əsas prioritet iqtisadi inkişaf deyil, ordunun itkilərinin kompensasiya edilməsidir. Bu isə yaxın dövrdə Rusiyada işçi qüvvəsi çatışmazlığını daha da dərinləşdirə bilər.

Neft sektoruna zərbələr Moskvanı sıxır

Hesabatda Ukraynanın Rusiya neft infrastrukturuna hücumlarının Moskvanın maliyyə vəziyyətini daha da ağırlaşdırdığı vurğulanır. Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya hakimiyyəti artıq fəaliyyət göstərən neft quyularının sayını azaltmağa məcbur olub. Onun sözlərinə görə, iri şirkətlərdən biri təxminən 400 obyektdə işi dayandırıb.

Məlumata görə, 2026-cı ilin əvvəlindən Rusiya neft emalını azı 10 faiz azaldıb. Problemlərdən biri də bağlanan quyuların yenidən işə salınmasının çətin olmasıdır. Bundan başqa, kəşfiyyat məlumatlarına əsasən, Rusiyada 11 maliyyə qurumu ləğv olunmağa hazırlaşır, daha səkkiz bank isə problemləri müstəqil həll edə bilmədiyi üçün xarici dəstək axtarır. Zelenski həmçinin bildirib ki, 2026-cı ilin ilk beş ayında Rusiyanın federal büdcə kəsiri təxminən 80 milyard dollara çatıb.

Kreml vergiləri artırır

ISW qeyd edir ki, Moskva iqtisadi itkiləri kompensasiya etmək üçün vergi təzyiqini də gücləndirir. Yanvar ayında əlavə dəyər vergisinin artırılması isə vəziyyəti daha da ağırlaşdırıb. Analitiklərin fikrincə, bu addım kölgə iqtisadiyyatını genişləndirib, qiymət artımını sürətləndirib, lakin büdcəyə gözlənilən gəliri təmin etməyib.

Hesabatda vurğulanır ki, Ukraynanın 2026-cı ilin martından etibarən Rusiya neft obyektlərinə zərbələri artırması həm emal imkanlarına, həm də ixrac potensialına ciddi zərbə vurub. ISW hesab edir ki, bu hücumlar uzunmüddətli perspektivdə Kremlin neft gəlirlərini məhdudlaşdırmağa davam edəcək və Moskvanın dünya bazarında neft qiymətlərinin artımından tam faydalanmasına mane olacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər