Koçaryanın lideri olduğu siyasi blokun nümayəndələri saxlanıldılar
Dünya
56
20:37, Bu gün

Koçaryanın lideri olduğu siyasi blokun nümayəndələri saxlanıldılar

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Lori vilayətinin Spitak şəhərində sabiq prezident Robert Koçaryanın liderlik etdiyi "Hayastan" müxalif siyasi blokunun nümayəndəliyində axtarışların aparıldığını təsdiq edib. Qurumdan verilən məlumata görə, seçkiqabağı kampaniya zamanı ianə ilə bağlı qadağaları pozmaq şübhəsi ilə bir neçə nəfər saxlanılıb.

Moderator.az-ın məlumatına görə, komitənin mətbuat xidmətindən Ermənistan mediasına bildirilib ki, bu siyasi qrupun Spitakdakı şöbəsinin rəhbəri tərəfindən Lori vilayətindəki seçicilərdən birinə maddi vəsait verilməsi haqqında informasiya əldə edilib.

Vurğulanır ki, bununla yanaşı, həmin şəxs başqaları ilə əlbir olaraq zorakı yolla həmin ərazidə sakinlərin seçki hüquqlarından azad şəkildə istifadə etməsinə əngəl yaradıb.

Diqqətə çatdırılıb ki, "seçki rüşvəti" yeddi ildən səkkiz ilə qədər həbs cəzasını nəzərdə tutur:

"Ermənistan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə Komitəsi qeydə alınan faktla əlaqədar cinayət işi başladıb, bəzi şəxsləri həbs edib, axtarış və digər hüquqi tədbirlər icra edib".

Bundan öncə isə "Ermənistan" ("Hayastan") bloku Spitakda yerləşən qərargahlarında hüquq-mühafizə orqanları tərəfindən axtarışların həyata keçirildiyini bəyan edərək, bu tipli qeyri-qanuni addımların onları tutduqları yoldan çəkindirməyəcəyini diqqətə çatdırmışdı.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər