Hindistanın Uttar-Pradeş ştatının bir neçə rayonunda güclü yağış və ildırımla müşayiət olunan qum fırtınası nəticəsində ən azı 111 nəfər həyatını itirib, 72 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Moderator.az xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.
Bildirilib ki, ölüm hallarına, əsasən, aşan ağaclar, uçan binalar və ildırım vurması səbəb olub. Dağıntıları təmizləmək və xilasetmə işlərini həyata keçirmək üçün polis və fövqəladə hallar xidmətləri kranlar və motorlu mişarlardan istifadə etmək məcburiyyətində qalıblar.
"Əlverişsiz hava şəraiti, o cümlədən qasırğa, yağış, dolu və ildırım səbəbindən 26 rayondan 111 nəfərin ölümü barədə məlumat daxil olub. Ştat ərazisində 72 nəfər yaralanıb, 170 baş təsərrüfat heyvanı tələf olub və 227 yaşayış evinə ciddi ziyan dəyib", - deyə məlumatda qeyd olunub.