Şahbaz Şərif və Əli Zərdari Əfqanıstanla gərgin münasibətləri müzakirə ediblər
Dünya
230
21:35, Bu gün

Şahbaz Şərif və Əli Zərdari Əfqanıstanla gərgin münasibətləri müzakirə ediblər

Pakistan Xalq Partiyasının həmsədri, sabiq prezidenti Asif Əli Zərdari ölkənin Baş naziri Şahbaz Şəriflə görüşüb və Əfqanıstanla münasibətlər müzakirə olunub.

Moderator.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Görüşdə Əfqanıstanla sərhəd mübahisələri və regional vəziyyət müzakirə olunub", - məlumatda qeyd edilib və Hindistanın hücumları nəticəsində həlak olanların xatirəsi anılıb.

Qeyd edək ki, mayın 9-da "Fitnə-əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) qruplaşmanın yaraqlıları Xayber-Paxtunxva əyalətinin Bannu rayonundakı Fateh-Xel polis postuna partlayıcı qurğu ilə hücum edib. Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub. Terror aktı ilə əlaqədar Əfqanıstanın İslamabaddakı müvəqqəti işlər vəkili Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Xayber-Paxtunxva əyalətində polis postuna terrorçuların hücumu ilə əlaqədar ona demarş elan edilib.

Xatırladaq ki, Pakistan–Əfqanıstan sərhədində silahlı toqquşmalar 2025-ci ilin oktyabrında baş verib. Bu, 2021-ci ildə "Taliban"ın Kabildə hakimiyyətə gəlməsindən sonra ən çox qan tökülən insident olub. Toqquşmalar Pakistanın sərhəd postlarına hücumlardan sonra başlayıb, cavab olaraq Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstanda "Fitna əl-Xavaric" qruplaşmasının bazalarına zərbələr endirib. Əfqanıstan hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdulla Fitrat 12 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb. Həmin ay Qətər və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə münaqişə tərəfləri müvəqqəti atəşkəs və döyüşlərin dayandırılması barədə razılığa gəliblər, razılaşma hələ də qüvvədədir.

Pakistan və Əfqanıstan arasında münasibətlər, 2026-cı ilin əvvəlindən də sərhəd toqquşmaları, təhlükəsizlik problemləri və diplomatik fikir ayrılıqları fonunda yüksək gərginlik dövrünü yaşayır.

2026-cı il fevralın 21-i axşam Pakistan Hərbi Hava Qüvvələri sərhədyanı Əfqanıstan əyalətləri olan Nəngərhar, Paktika və Xostanı atəşə tutub. Pakistan hakimiyyəti hücumların məqsədinin regionda fəaliyyət göstərən terror qruplaşmaları - "Pakistan taliban"ı və "Vilayət Xorasan"ın düşərgələri olduğunu bəyan edib. Bu hücumlar Pakistanın paytaxtı İslamabadda, eləcə də ölkənin şimal-qərbindəki Bacaur dairəsində və Bannu şəhərində fevralda baş verən terror aktlarına cavab tədbiri sayılır.

2026-cı ilin aprel ayında tərəflərin gərginliyi azaltmaq barədə razılığa gəlmələrinə baxmayaraq, sərhəddə vəziyyət hələ də kövrək olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər