Dünya
275
21:50, Bu gün

"Pentaqonun gizlətdiyi müharibə": İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələr daha dağıdıcı olub" - "The Washington Post"

"Peyk görüntüləri Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinə ciddi ziyan dəydiyini göstərib..."

İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi obyektlərinə rəsmi məlumatlardan daha ciddi zərbələr endirib.

Moderator.az xəbər verir ki, bu barədə "wp.com" nəşri yazıb.

ABŞ bazaları təhlükəli zonaya çevrilib

Nəşrin araşdırmasına görə, peyk görüntülərinin təhlili göstərib ki, müharibənin başlanmasından bəri azı 228 bina və hərbi texnika vahidi zədələnib və ya məhv edilib. Zərbələr kazarmalara, anqarlara, yanacaq anbarlarına, radar sistemlərinə, rabitə avadanlıqlarına və hava hücumundan müdafiə komplekslərinə dəyib. Dağıntıların miqyası ABŞ hökumətinin indiyədək açıqladığı rəqəmlərdən xeyli böyükdür.

Məqaləyə görə, İranın hava hücumları səbəbindən bəzi Amerika bazaları şəxsi heyət üçün təhlükəli hesab olunub və müharibənin ilk günlərində hərbçilərin böyük hissəsi regionun başqa nöqtələrinə köçürülüb. ABŞ ordusunun məlumatına əsasən, fevralın 28-dən bəri İran zərbələri nəticəsində 7 amerikalı hərbçi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb. Onlardan ən azı 12-nin ağır xəsarət aldığı bildirilir.

Nəşr vurğulayır ki, müharibə dövründə Yaxın Şərqlə bağlı peyk görüntülərinə çıxış ciddi şəkildə məhdudlaşdırılıb. ABŞ hökumətinin müraciətindən sonra böyük kommersiya peyk şirkətləri bölgəyə aid görüntülərin yayımını azaltmağa başlayıb. Buna görə də qəzet əsasən İran mediasının paylaşdığı yüksək keyfiyyətli peyk şəkillərini araşdırıb.

İranın zərbələri çox dəqiq olub

Araşdırmada 15 ABŞ hərbi obyektində ümumilikdə 217 obyekt və 11 texnika vahidinin zədələndiyi qeyd edilir. Ən ciddi zərbələrin Bəhreyn və Küveytdəki bazalara endirildiyi bildirilir. Ekspertlər hesab edir ki, İranın hücumları ABŞ ordusunun müasir dron müharibəsinə tam hazır olmadığını göstərib.

"İranın zərbələri çox dəqiq idi. Təsadüfi hədəflər görünmür", - deyə ABŞ Dəniz Piyadalarının ehtiyatda olan polkovniki Mark Kansian bildirib. Qeyd olunur ki, İran yaşayış binalarını, yeməkxanaları, idman zallarını və şəxsi heyətin yerləşdiyi obyektləri də hədəfə alıb. Zərbələr həmçinin "Patriot" və THAAD hava müdafiə sistemlərinə, peyk rabitə mərkəzlərinə və yanacaq anbarlarına dəyib.

ABŞ strategiyası sual altına düşür

Nəşr yazır ki, müharibə ABŞ ordusunun hava hücumundan müdafiə ehtiyatlarını da ciddi şəkildə zəiflədib. Analitiklərin hesablamalarına görə, cəmi bir neçə həftə ərzində ABŞ və müttəfiqləri yüzlərlə THAAD və "Patriot" raketindən istifadə edib.

Ekspertlər bildirir ki, bu müharibə müasir döyüşlərin xarakterini dəyişdiyini göstərir: artıq hətta ən böyük hərbi bazalar belə tam təhlükəsiz sayılmır. Bəzi amerikalı rəsmilər ABŞ qüvvələrinin gələcəkdə Yaxın Şərqdəki bəzi bazalara əvvəlki miqyasda qayıtmaya biləcəyini də istisna etmirlər. "Biz gizlilik dövründən tam açıq döyüş meydanı dövrünə keçmişik", - deyə hərbi analitik Maksimilian Bremer bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər