Liviya 2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş sabiq prezident Nikolya Sarkozidən 10 milyon avro məbləğində kompensasiya tələb edir.
Moderator.az xəbər verir ki, bu barədə məlumatı "20minutes" portalı yayıb.
Nikolya Sarkozinin 2007-ci il prezident seçkisi kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə Paris Apelyasiya Məhkəməsində keçirilən dinləmələrdə Tripolinin vəkillərindən biri çıxış edib. O, Liviya dövlətinə dəymiş maddi ziyana görə təxminən 5 milyon avro, mənəvi ziyana görə isə əlavə 5 milyon avro təzminat ödənilməsi barədə vəsatət qaldırıb.
Portalın məlumatına görə, maddi zərərin məbləği 2006-cı ilin yanvar və noyabr aylarında Liviya xəzinədarlığı və xüsusi xidmət orqanları tərəfindən Fransa və Livan vətəndaşlığı olan iş adamı Ziyad Takiyeddinin hesabına köçürülən iki tranzaksiyanın həcminə bərabərdir.
İttiham tərəfi iddia edir ki, həmin vəsaitlər korrupsiya sxemi çərçivəsində Sarkozinin seçki kampaniyasının gizli maliyyələşdirilməsi üçün yönləndirilib və qeyri-qanuni şəkildə mənimsənilmiş dövlət pulları olub.
Qeyd edək ki, Liviya rəhbəri Müəmmar Qəddafinin Sarkozinin seçki kampaniyasına maliyyə ayırması barədə məlumat ilk dəfə 2011-ci ilin martında mətbuata sızıb. Həmin vaxt onun oğlu Seyf əl-İslam "Euronews" kanalına müsahibəsində bildirib ki, Liviya hakimiyyəti Fransa prezidentindən verilən vəsaitlərin geri qaytarılmasını tələb edir.
Yelisey sarayı bu maliyyələşmə faktını təkzib edib, Sarkozi isə həmin iddiaları "gülünc" adlandırıb.
2025-ci il sentyabrın 25-də Sarkozi seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə cinayətkar qruplaşmada iştirak etməkdə təqsirli bilinsə də, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamları üzrə bəraət alıb.
Eyni zamanda, məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi faktını tam sübuta yetirməyib. Sarkozi beş il müddətinə azadlıqdan məhrum edilib.
2025-ci il oktyabrın 21-də o, Parisin XIV dairəsində yerləşən "Sante" həbsxanasının təkadamlıq kamerasında cəzasını çəkməyə başlayıb və orada 21 gün qalıb. Daha sonra Apelyasiya Məhkəməsi sabiq prezidentin həbsi ilə bağlı qərarı ləğv edərək onu məhkəmə nəzarəti altında azadlığa buraxıb.