Türkiyə qabıq dəyişdirən və çoxqütblülüyə doğru təkamül edən dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir.
Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Əsrinin investisiya üçün Güclü Mərkəz Proqramı"ndə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bölgə və dünya iqtisadiyyatı son dövrün ən sarsıntılı, ən qeyri-müəyyən günlərini yaşayır. İş və iqtisadi dairələr başda olmaqla, demək olar ki, hər kəs bir tərəfdən gündən-günə dəyişən atmosferi izləyir, digər tərəfdən isə yolu və istiqaməti tapmağa çalışır.
"Münaqişələrin mənfi təsiri enerji ilə yanaşı, istehsal, ticarət, turizm və nəqliyyat kimi bir çox sahədə dərindən hiss olunur. Həftədə bir neçə dəfə dəyişən yanacaq qiymətlərindən tutmuş, koronavirus günlərini xatırladan məhdudiyyətlərə qədər geniş bir sahədə bunu görürük. Hərçənd, alovun şiddəti azalmış olsa da, nə bölgəmiz, nə də dünya gərginliyin gələcəyi barədə yüz faiz əmin ola bilmir.
Atəşkəsin daimi hala gəlməsi və ədalətli sülhə gedən yolun açılması üçün əlimizdən gələni edirik. Mən bir tərəfdən, nazirlərimiz digər tərəfdən danışıqlarımızı davam etdiririk. Ümid edirəm ki, nəticə əldə edənə qədər dost və qardaş ölkələrlə əməkdaşlıq şəraitində səylərimizi davam etdirəcəyik", - Ərdoğan vurğulayıb.
Türkiyə lideri bildirib ki, artıq nə bölgəmiz, nə də dünya köhnə günlərə dönə bilər:
"Belə böyük bir sarsıntının yaratdığı qırılmaların nəticələri zaman keçdikcə daha aydın görünəcək. Türkiyə son illərin ən böyük təhlükəsizlik böhranını uğurla idarə edərək bölgəsinin sabitlik adası olduğunu bir daha təsdiqləmişdir.
Qlobal iqtisadi düzəni və dəyər zəncirlərini yenidən formalaşdıran bu müharibə ölkəmizi qlobal iqtisadi sabitliyin əsas dayağına çevirmişdir. Uzun illərdir, Türkiyəni şərq-qərb və şimal-cənub arasında körpü kimi təsvir edən anlayışların kifayət etmədiyi bu prosesdə ortaya çıxmışdır və məlum oldu ki, ölkəmiz sadəcə bir körpü və ya enerji dəhlizi deyil, bölgədəki enerji və ticarət dəhlizlərinin əvəzolunmaz mərkəzidir".
Daha sonra R.T.Ərdoğan xüsusilə vurğulayıb ki, Türkiyə köhnə qabığını dəyişən və çoxqütblülüyə doğru irəliləyən dünyanın yeni qütb başlarından biri olmağa ən güclü namizəddir:
Bunu həm biz görürük, həm də dostlarımız, qonşularımız və rəqiblərimiz görür. Ölkəmizi yeni dövrə hazırlayacaq strategiyaları indidən planlaşdırır, infrastrukturunu qurur, ən kiçik bir boşluq buraxmırıq".