“1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dövlətimizin və Prezidentimzin veteranlara olan diqqət və qayğısından xəbər verir”.
Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 24 aprel 2026-cı il tarixli məlum Sərəncam vətən qarşısında xidmətləri olan şəxslərin illər, qərinələr sonra belə unudulmadığını, daim dövlətimizin diqqət mərkəzində olduğunu göstərir:
“Hər il olduğu kimi bu il də Prezident İlham Əliyev İkinci Dünya müharibəsində iştirak edən şəxslərə, eləcə də həlak olan döyüşçülərin dul arvadlarına, həmçinin, arxa cəbhədəki xidmətlərinə görə orden və medallarla təltif edilən şəxslərə birdəfəlik maddi yardımın verilməsi ilə bağlı Sərəncam imzaladı. Ölkə başçısı bununla bir daha göstərdi ki, hər bir veteran, eləcə də onların ailə üzvləri daim dövlətin diqqət mərkəzindədir və onların vətən qarşısındakı xidmətlərindən uzun zaman ötməsinə baxmayaraq, bu xidmətlərin heç biri unudulmur, hər zaman minnətdarlıq hissi ilə yad edilir.
Biz Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq dövlət başçısının bu Sərəncamını veteranlarımızla yanaşı, həm də şanlı hərb tariximizə verilən böyük diqqət və yüksək qiymət kimi dəyərləndirir, buna görə Müzəffər Ali Baş Komandanımza öz təşəkkürümüzü bildiririk.
Bu Sərəncam İkinci Dünya müharibəsində iştirak edən şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial rifahına maddi dəstək olmaqla yanaşı, mənəvi baxımdan da ciddi sitimuldur. Prezidentimiz tərəfindən veteranlarmıza göstərilən bu qayğı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da mühüm rol oynayır ki, bu da milli-mənəvi dəyərlərimizin təbliği, xalqımızın və dövlətimizin gələcək təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Bu nəcib, xeyirxah addıma görə bütün veteranlar adından bir daha Prezident İlham Əliyevə təşəkkür edir, Müzəffər Ali Baş Komandana dərin minnətdarlığımızı bildiririk”.
Seymur ƏLİYEV