Bizi sosial şəbəkələrdən izləyin:
“May ayı bizim Bəstəkarlar İttifaqı üçün çox məhsuldar aydır. Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində böyük tədbirlər, festivallar keçirilir və seminarlar dinlənilir. Biz hər dəfə musiqimizi təbliğ edirik. Deyirlər ki, artıq efirlərdə bayağı musiqilər səslənmir. Vallah xəbərim yoxdur. Məndən çox bu mövzuda danışan yox idi. Biz forumda da çıxış edib, etirazımızı bildirmişdik. Mədəniyyət və onun üfüqləri çox uzaqdadır. Bu proses davam etdirilməlidir. Əgər yaxşılığa doğru addımlar atılıbsa, demək ki, bundan sonra da bu qayda-qanunu saxlamalıyıq. Mən buna yalnız sevinə bilərəm”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə deyib.
O daha sonra Milli Konservatoriyanın konsepsiyasını illər əvvəl özünün hazırladığını bildirib:
“Mənim Milli Konservatoriyaya heç ayağım dəyməyib, orada olmamışam. Tikiləndə bir dəfə Fatma Abdullazadə məni ora aparmışdı. Çünki Milli Konservatoriyanın konsepsiyasını şəxsən mən cızmışdım. Amma tamamilə başqa bir istiqamətdə düşünürdüm. Mən Milli Konservatoriyanı bir elm ocağı kimi görürdüm, toyxana kimi yox. Təəssü ki, belə olmadı. Bilirsiniz ki, bu Ulu Öndər Heydər Əliyevin ideyası idi ki, bizim milli konservatoriyamız olsun. Mən hələ xaricdə idim, burada deyildim. Fatma xanım mənə yazdı ki, biz istəyirik belə bir mədəniyyət ocağı açılsın və siz bizə konsepsiya verin. Xaricdə ola-ola nə qədər işlər görürdüm. Muğamımız haqda böyük məqalə yazırdım. Böyük əlaqələrim yarandı. Hətta mənə dəfələrlə orada rektor olmağımla bağlı təkliflər də gəlib. Dəvətləri qəbul etməmişəm. Çünki 1979-cu ildən Bəstəkarlar İttifaqında çalışıram. İttifaqda mətbuat katibi də ola bilərdim, katib də. İş elə gətirdi ki, məni sədr seçdilər. Bəstəkarlar İttifaqı çalışır ki, Üzeyir Hacıbəylinin qoyduğu adət ən-ənələr yaşasın. Mən inanıram ki, yaxşı bir şey alınır. Kim nə deyirsə özü bilər. Mən hər qurultayda deyirəm ki, kimi istəyirsiz onu da sədr seçin. Bizdə sədrin seçilməsi tam şəffaf şəkildə həyata keçirilir”, - deyə xalq artisti bildirib.
