"Böyük Britaniya hökuməti Folklend adalarının statusunu ABŞ ilə heç bir şəkildə müzakirə etmək niyyətində deyil".
Moderator.az "Sky News" telekanalına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş nazirinin ofisinin nümayəndəsi məlumat verib.
"Folklend adaları ilə bağlı Britaniyanın mövqeyi dəyişməzdir. Suverenlik Birləşmiş Krallığa məxsusdur, öz müqəddəratını təyinetmə isə birinci dərəcəli əhəmiyyətə malikdir", - deyə açıqlamada bildirilib.
Böyük Britaniya rəsmisi Folklend adalarını müdafiə etməyə hazır olub-olmamaları barədə suala cavab verməkdən imtina edib:
"Bu, bizə aid olan vəziyyət deyil, hipotetik sualdır".
Daha əvvəl "Reuters" agentliyi xəbər vermişdi ki, Pentaqonda NATO müttəfiqlərinin ABŞ-yə İrana qarşı müharibədə kömək etməyə hazır olmamalarına görə cəzalandırma variantları müzakirə olunur. Seçimlərdən biri kimi Vaşinqtonun Folklend adaları ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməsi də vurğulanıb.
Hazırda ABŞ bu ərazinin Böyük Britaniya tərəfindən idarə olunduğunu tanıyır.
Britaniya baş nazirinin nümayəndəsi vurğulayıb ki, Birləşmiş Krallıq İrana qarşı hərbi münaqişəyə təzyiq altında cəlb olunmayacaq.
Atlantik okeanının cənub-qərb hissəsində yerləşən Folklend adaları artıq 200 ildir ki, Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsi predmetidir. 1982-ci ilin aprelində ölkələr arasında silahlı münaqişə başlayıb. Təxminən iki ay yarım davam edən müharibədə Cənubi Amerika ölkəsi məğlub olub. 2013-cü ilin martında arxipelaq sakinlərinin böyük əksəriyyəti referendumda bu ərazinin Britaniyanın tərkibində qalmasına səs veriblər. Argentina isə seçkinin nəticələrini tanımayıb.