“Təkcə qadınların yox, gənc oğlanların da iş tapmasında ciddi problemlər var”- Qüdrət Həsənquliyev
Cəmiyyət
284
12:49, Bu gün

“Təkcə qadınların yox, gənc oğlanların da iş tapmasında ciddi problemlər var”- Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatının müzakirəsi zamanı fikirlərini bölüşüb.
 
Millət vəkili bildirib: “Hörmətli sədr, qonaqlar, həmkarlar, media nümayəndələri! Mən öncə hörmətli sədr, sizi uğurlu səfərlər münasibətilə təbrik edirəm. Sizi və xalqımızı qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü münasibətilə təbrik edirəm.
 
Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, mərhum Prezident Heydər Əliyev vaxtilə söyləyirdi ki, Azərbaycan xalqının ən böyük tarixi nailiyyəti onun istiqlalıdır. Bizim Dövlət Protokolunun əsas qaydaları haqqında Prezident tərəfindən imzalanmış fərmanla dövlət bayramları Gülüstan sarayında qeyd olunmalıdır və Prezident də orada çıxış etməlidir. Amma çox təəssüf ki, bizim ən böyük bayramımız dövlət səviyyəsində qeyd olunmur.
 
Nazirlər Kabinetinin tək qadın üzvü kimi hörmətli Bahar xanım istəsə, bu məsələyə də münasibət bildirər. Ümumiyyətlə, Milli Məclisə bu barədə məlumat verilməlidir, izahat verilməlidir ki, niyə bu bayram qeyd olunmur? Hörmətli Bahar xanım bizim deputat həmkarımız olub, kifayət qədər hazırlıqlı siyasətçidir və mən hesab edirəm ki, bir çox suallara aydınlıq gətirilməlidir. Çox təəssüf ki, son illər, biz hamımız bunu müşahidə edirik ki, evliliklərin sayı azalır, əvəzində boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır. Səhv etmirəmsə elə hörmətli Əli Əhmədov da hökumətin hesabatında çıxış etdi bu məsələyə toxundu.
 
Bunların səbəbləri dövlət komitəsində araşdırılıbmı? Bununla bağlı hökumətə, ölkə Prezidentinə hansısa təkliflər göndərilirmi? Ümumiyyətlə, indi burada ailə zorakılığından danışıldı. Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd Peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bax, elə məişət zorakılığının bir kökü oradan başlayır”.
 
Millət vəkili əlavə edib: “Bu yaxınlarda sabiq deputat həmkarımız Etibar Əliyev bir paylaşım etmişdi. Hətta Bahar xanıma da rəsmi müraciət etmişdi. Mən mətbuatda oxudum ki, düz məktəbin yanında bir qəssabxana var və orada heyvanları kəsirlər, onun başını da orada nümayiş etdirirlər, uşaqlar da qəssabxananın qarşısından sağa-sola keçir. Bax, məişət zorakılığının bir səbəbi də oradan başlayır. Biz uşaqları qorumalıyıq. Valideynlər uşaqlarını qurban kəsiminə aparırlar. Hətta orada o heyvanın qanından da götürüb uşağın alnına çəkirlər. Təkcə maarifləndirməklə bunun qarşını almaq mümkün deyil, müvafiq dövlət orqanları bu istiqamətdə ciddi addımlar atmalıdır.
 
Bundan başqa təkcə qadınların yox, gənc oğlanların da iş tapmasında ciddi problemlər var. Çox təəssüf ki, hərbi xidməti başa vurandan sonra bizim gənclərimiz ölkəni tərk edib iş dalınca başqa ölkələrə gedirlər. Bax, elə ailə quranların sayının azalmasının əsas səbəblərindən biri budur. Biz nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar aparılmadan, dövlət tərəfindən müxtəlif ciddi sosial proqramlar həyata keçirilmədən bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Bax, bu selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir? Yəni səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Ona görə də mən istərdim ki, əgər sonda Bahar xanımın imkanı olsa, bunun səbəblərinin araşdırılması və müvafiq vəzifəli şəxslərə təkliflər verilməsi, qanunvericilik təşəbbüsləri ilə çıxışlar edilməsi üçün təkliflər verilməsi qeyd olunmalıdır.
 
Hörmətli Hicran xanım dedi ki, bu, hamının işidir. Əlbəttə, hamının işidir. Amma ixtisaslaşmış qurum olaraq bu məqsədlə hökumət tərkibində xüsusi komitə yaradılıb və bu komitənin əsas borcu odur ki, bu məsələləri araşdırıb müvafiq təşəbbüslərlə, təkliflərlə çıxış etsin.
 
Diqqətinizə görə sağ olun”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər