Dünya
367
20:00, Bu gün

"Avropa İttifaqı Çini "xərçəng" adlandırdı: Avropada qalmaqal böyüyür" - "Berliner Zeitung"

"Kaya Kallasın açıqlamaları Avropa diplomatiyasının tam fiaskosudur..."

Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas Çini "xərçəng şişi" ilə müqayisə etdikdən sonra Avropada ciddi tənqid hədəfinə çevrilib.

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın "Berliner Zeitung" qəzeti yazıb.

Çini xərçəngə bənzətdi, Avropa şoka düşdü

Nəşr yazır ki, bu açıqlamalar Aİ üçün "tam uğursuzluq və diplomatik biabırçılıqdır". Tallinndə keçirilən Lennart Meri konfransında çıxış edən Kallas Çinin iqtisadi siyasətini sərt tənqid edərək bildirib ki, Avropa "xəstəliyin diaqnozunu" artıq anlayır. O, Pekinin batareya, gəmiqayırma, kimya və xammal kimi strateji sahələrdə dominantlıq yaratdığını deyib.

Kallas daha sonra vəziyyəti tibbi metafora ilə izah edib: "Əgər sizdə ağır xəstəlik, xərçəng varsa, iki seçim qalır: ya morfini artırırsınız, ya da kimyaterapiyaya başlayırsınız". Onun sözlərinə görə, bəzi Avropa ölkələri Çinlə rəqabətdə çətin qərarlardan yayınmağa çalışır. Bu sözlər isə həm Avropada, həm də beynəlxalq mediada sərt reaksiyalara səbəb olub.

Brüssel Pekinlə yaxınlaşmaq istəyərkən bu açıqlamalar hər şeyi korlayır

Məqalədə qeyd olunur ki, Kallasın çıxışı son aylarda Aİ-nin Çinlə münasibətləri yumşaltmaq cəhdləri ilə tam ziddiyyət təşkil edir. ABŞ prezidenti Donald Tramp dövründə Vaşinqtonla münasibətlər gərginləşdikdən sonra Avropa liderləri Pekinlə əlaqələri bərpa etməyə çalışırdı. Emmanuel Makron və Ursula von der Lyayen son aylarda Çinlə dialoqu gücləndirmək üçün müxtəlif təşəbbüslərlə çıxış etsələr də, Kallasın ritorikası bu səylərə zərbə vurub.

Nəşr yazır ki, Kallas artıq təkcə Çinlə bağlı deyil, Rusiya məsələsində də qalmaqallı açıqlamaları ilə tanınır. Məqalədə xatırladılır ki, Moskva daha əvvəl onun iştirak edəcəyi mümkün danışıqları rədd edib. Səbəb kimi isə Kallasın Rusiyanın parçalanması ilə bağlı keçmiş açıqlamaları göstərilib.
Bundan başqa, o, 2025-ci ildə SSRİ-nin faşizm üzərində qələbəsi ilə bağlı söylədiyi fikirlərə görə də kəskin tənqid olunmuşdu.

Aİ diplomatiyasında yeni qalmaqallar silsiləsi

Nəşr yazır ki, Avropa diplomatiyasında bu tip qalmaqallı çıxışlar yeni deyil. Məqalədə keçmiş Aİ diplomatiya rəhbəri Jozep Borrellnin Avropanı "bağ", digər ölkələri isə "cəngəllik" adlandırması da xatırladılır. Nəşr hesab edir ki, bu tip açıqlamalar Avropanın "təkəbbürlü və kolonial düşüncə tərzi" barədə ittihamları daha da gücləndirir.

Məqalənin sonunda vurğulanır ki, Çin artıq texnologiya, elektrik avtomobilləri və yaşıl enerji sektorlarında Qərbi geridə qoymağa başlayıb. Analitiklərin fikrincə, ucuz Rusiya enerjisi və sənaye ixracına əsaslanan Almaniya iqtisadi modeli isə artıq əvvəlki kimi işləməyəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər