Milli Məclisdə qadınların əmək bazarındakı göstəriciləri və iqtisadi fəallığı müzakirə olunur
Cəmiyyət
256
12:45, Bu gün

Milli Məclisdə qadınların əmək bazarındakı göstəriciləri və iqtisadi fəallığı müzakirə olunur

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatından göründüyü kimi, 2025-ci ildə qanunverici bazanın möhkəmləndirilməsi və sahədə institutsional islahatların dərinləşməsi müşahidə olunub".

Moderator.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü Plenar iclasında Millət vəkili Vüqar Bayramov səsləndirib.

Deputat əlavə edib ki, bir neçə gün sonra Azərbaycanda Müstəqillik Günü qeyd olunacaq. Müsəlman dünyasında və Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verilən Azərbaycanda qadınlar hazırda cəmiyyətin müxtəlif sahələrində aktiv fəaliyyət göstərirlər:

"1993-cü iliin iyun ayında yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı sayəsində Azərbaycan öz dövlətçiliyini qoruya bildi və cəmiyyətin hər bir üzvünün hüquqları bu gün tam olaraq qorunur.

Hörmətli Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan qadınının nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq arenada daha da yüksəlmişdir. Aparılan islahatlar və dəstək tədbirləri beynəlxalq hesabatlarda ölkəmizin mövqeyinin daha da güclənməsinə gətirib çıxarmışdır.

Hazırda ölkədə məşğul əhalinin 2 milyon 414 min nəfərini qadınlar təşkil edir, kişilərin sayı isə 2 milyon 615 min nəfərdir. İşçi qüvvəsində qadınların sayı isə 2 milyon 571 min nəfərə çatır.


Hazırda qadınların orta aylıq əmək haqqısı kişilərin orta əmək haqqısının 69,1 faizinə bərabərdir. Qlobal miqyasda isə bu göstərici 77–80 faiz civarındadır. Qadınların ən çox çalışdığı sahə təhsil sektorudur. Əmək müqaviləsi ilə çalışan 722 min 147 qadından 242 min 801 nəfəri məhz bu sahədə fəaliyyət göstərir ki, bu da muzdlu qadın işçilərin 33,6 faizini təşkil edir. Qadınların üstünlük verdiyi ikinci böyük sektor səhiyyə və sosial xidmətlər sahəsidir".

Vüqar Bayramov vurğulayıb ki, bu istiqamətdə 116 min 976 qadın çalışır və ümumi payda 16,2 faiz təşkil edir:

"İlk üçlüyü isə ticarət və nəqliyyat vasitələrinin təmiri sektoru tamamlayır. Bu sahədə 95 min 566 qadının əmək müqaviləsi qeydiyyata alınıb.

Qadınların orta aylıq əmək haqqısına görə ən yüksək göstərici mədənçıxarma sənayesində qeydə alınır və bu sahədə qadın işçilərin orta maaşı 2915 manatdır. Daha sonra maliyyə və sığorta sektorunda çalışan qadınların orta aylıq əmək haqqısı 1813 manat, informasiya və rabitə sektorunda isə 1353 manat təşkil edir. Təhsil sektorunda çalışan qadınların orta aylıq maaşı isə 731 manatdır.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərinə qadın sahibkarların çıxış imkanlarının artırılması üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər ilə yanaşı, qadın sahibkarlar üçün kvotaların müəyyənləşdirilməsi məqsədəuyğun olardı.

Yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalına xüsusi əmsalların tətbiq edilməsi və bununla da onların pensiya məbləğlərinin artırılmasına nail olunmasını təklif edərdim.

Pensiya yaşı ilə bağlı güzəştlərin kateqoriyasına keyfiyyət meyarlarının əlavə olunması və tək qadınlara daha tez pensiyaya çıxma hüququnun verilməsi məqsədəuyğun olardı.

Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə qadınların iqtisadi dəyər yaratmaq imkanlarının genişləndirilməsi gender siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər