Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək
Cəmiyyət
144
12:40, Bu gün

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün test imtahanı keçiriləcək

Xüsusi İcra Məmurları üçün 2026-cı ilin 12 iyun tarixində test imtahanı keçiriləcək.
 
Bu barədə  Moderator.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 10:00-da başlanacaq.
 
Test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar, hər bir namizəd imtahana buraxılış vərəqəsini Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.
 
İmtahanda namizədlərə xüsusi icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, digər sualların hər biri 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
 
Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər linkə daxil olaraq tanış ola bilərlər.
 
Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən və müsahibədə iştirak etmək istəyən şəxslər "Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma Qaydası"nın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədləri Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyasına təqdim etməlidirlər.
 
Təqdim etdiyi sənədlərə görə "Xüsusi icra məmurları haqqında" Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər