Yevlax–Bərdə dəmir yolu xəttində əsaslı təmir işlərinə başlanılır
Cəmiyyət
137
13:16, Bu gün

Yevlax–Bərdə dəmir yolu xəttində əsaslı təmir işlərinə başlanılır

Yevlax–Bərdə dəmir yolu xəttində əsaslı təmir və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur.
 
Moderator.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
 
Bildirilib ki, Yevlax–Bərdə xəttində 1967-ci ildən etibarən əsaslı təmir-bərpa işlərinin aparılmaması nəticəsində mövcud infrastruktur müasir tələblərə cavab vermir. Hazırda istismar müddəti 60 ilə yaxın olan köhnəlmiş infrastruktur qatarların hərəkət sürətini 10–60 km/saat aralığında məhdudlaşdırır. Planlaşdırılan təmir və yenidənqurma işləri başa çatdıqdan sonra bu sahədə qatarların hərəkət sürəti artırılacaq və sərnişinlərin mənzil başına çatma müddəti qısalacaq.
 
Yevlax–Bərdə dəmir yolu xəttində həyata keçiriləcək yenidənqurma işləri ilə əlaqədar olaraq Bakı–Ağdam–Bakı marşrutu üzrə qatarların hərəkətinə müvəqqəti fasilə veriləcək. Bu marşrut üzrə sonuncu reyslər 9 və 10 may tarixlərində həyata keçiriləcək. Layihənin icrası tamamlandıqdan sonra dəmir yolu infrastrukturu yüklərin və sərnişinlərin daha etibarlı daşınması üçün təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılacaq, daha dayanıqlı, sürətli və fasiləsiz dəmir yolu əlaqəsi təmin olunacaq. Eyni zamanda, yaşayış məntəqələrindən keçən dəmir yolu xətləri boyunca təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.
 
Yevlax–Bərdə dəmir yolu xəttinin yenidən qurulması nəticəsində Yevlaxdan Xankəndiyə qədər uzanan müasir dəmir yolu infrastrukturu formalaşacaq.
 
Bununla yanaşı, hazırda ADY tərəfindən Ağdam–Xankəndi dəmir yolu xəttinin, o cümlədən ötən ilin iyulunda Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisi sürətlə davam etdirilir. Tikinti işləri tam başa çatdıqdan sonra Ağdam–Xankəndi dəmir yolunun istifadəyə verilməsi ilə Bakıdan Xankəndiyə qatar reyslərinin də bərpası təmin ediləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər